Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı hesab edir ki, Rusiyaya qarşı müharibədə Ukraynanın tam qələbəsi təkcə işğal olunmuş ərazilərin azad edilməsi deyil.
“AzPolitika.info” xəbər verir ki, ukraynalı jurnalist Dmitri Komarova müsahibə verən general Zalujnı Ukraynanın hədəfinin həm də güclü ordu yaratmaq olduğunu deyib: “Bizim qələbəmiz birmənalı olaraq, Ukrayanın bütün işğal edilən torpaqlarının azad olunmasıdır. Bütün ərazilər azad olunmalıdır, amma bu, azdır. Ukrayna dövləti hər şey etməlidir ki, 2022-ci il 24 fevralda başlayan və baş verənlər heç vaxt təkrar olunmasın”.
Generalın fikrincə, Ukraynada elə bir ordu institutu formalaşdırılmalıdır ki, Rusiya bir daha bu ölkəyə hücum etməyi ağlından belə keçirməsin: “Yəni, qələbə bizim üçün torpaqlarımızın azad edilməsilə bərabər güclü, ən müasir və döyüş qabiliyyətli böyük Ukrayna Silahlı Qüvvələri deməkdir, hansı ki, o, Rusiyaya indiyə qədər olanları və hazırda baş verənləri təkrarlamağa imkan verməyəcək. Qələbə budur”.
Zalujnı bununla bağlı nümunə kimi İsrail dövlətini göstərib və qeyd edib ki, artıq dünyada “bu dövlətə toxunmamaq yaxşıdır” kimi bir rəy formalaşıb. O, Ukraynanın da eyni yolla getməli olduğunu söyləyib. General əlavə edib ki, artıq belə bir Ukrayna ordusunun yaradılması ilə bağlı onun öz baxışları var.
Baş komandan bildirib ki, Ukrayna ordusu bundan öncə Donbasda 8 il davam etmiş müharibədə xeyli təcrübə toplayıb və 2014-cü ildən ukraynalı hərbçilər düşməni məhv etmək üçün mənəvi və fiziki baxımdan hazır olublar. Bütün bunlar isə Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı işğalçılıq müharibəsinin ilk günlərində Ukrayna ordusunun köməyinə gəlib və hərbçilər Rusiyanın gözlədiyinin əksinə olaraq, geri durmayaraq, işğalçıya lazım olan cavabı veriblər.
Zalujnı müsahibəsində həlak olmuş ukraynalı hərbçilərlə bağlı da danışıb. General bildirib ki, onun telefon kitabçasında xeyli şəxslərin adları var ki, onlar artıq bu müharibədə həlak olublar. Zalujnı deyib ki, həlak olmalarına baxmayaraq, onların adlarını və nömrələrini öz telefonundan silməyə əli gəlmir.
Jurnalist Baş Komandandan soruşub ki, bu müharibənin gedişində heç ağlayıbmı?
Zalujnı deyib ki, bir komandan kimi hislərini büruzə vermək, hansısa zəifliyini etiraf etmək istəməzdi. Ancaq o da hamı kimi adi insandır və belə hisləri yaşaması təbiidir: “Müharibə çox pis işdir. Ancaq mən insanam. Bir dəfə ana oğlunu axtaranda ağladım. O, vertolyot pilotu idi və Mariupola uçmuşdu”. General deyib ki, onlar bir müddət pilotin sağ olduğunu güman ediblər və həmin vaxtlarda pilotun anasının mesajlarına, zənglərinə şəxsən Zalujnı cavab verib. Ancaq sonradan həmin pilotun həlak olduğu məlum olub və bunu onun anasına generalın özü deməli olub: “Mən o anaya bu vəziyyəti nə cürsə başa salmalı idim, ancaq mənim buna gücüm çatmadı...”
General müsahibəsində həmin hərbçinin adını çəkməyib və bunu belə izah edib: “Onların adlarını çox çəkməli olacağıq. Onlar hamısı buna layiqdirlər”.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər