Menu

Lukaşenkonun xəstə olduğu təsdiqlənir, amma... – “Bu, kovid deyil”

15.05.2023, 15:40
Lukaşenkonun xəstə olduğu təsdiqlənir, amma... – “Bu, kovid deyil”

Belarus Prezidenti Aleksandr Lukaşenkonun səhhətilə bağlı müəmmalar artır.

“AzPolitika.info” xəbər verir ki, Belarusda hər il mayın 14-də qeyd olunan “Bayraq günü” ilə bağlı rəsmi tədbirlərdə Prezident Lukaşenko iştirak etməyib. “Spektr” nəşri yazır ki, son iki ildə Lukaşenko bu bayramda şəxsən iştirak edərək, nitq söyləyib. Bu il isə onu Baş nazir Roman Qolovçenko əvəz edib.

Xatırladaq ki, Belarus Prezidentinin səhhətində ciddi problemlər olduğu Moskvada keçirilən son 9 may paradında üzə çıxmışdı. Lukaşenko həmin gün xəstə və yorğun görkəmilə diqqəti cəlb etməklə yanaşı, nə Moskvadakı, nə də Minskdəki tədbirlərdə çıxış etmədi və Putinin qonaq dövlət başçıları üçün təşkil etdiyi ziyafətə qatılmadı. Prezidentin ötən gün keçirilən bayramda üzə çıxmaması onun xəstəliyinin ciddiliyilə bağlı şübhələri daha da artırıb.

Belarus başçısının xəstə olduğu artıq bəzi rəsmi şəxslər tərəfindən təsdiqlənməyə başlayıb. Məsələn, Rusya Dumasının üzvü Konstantin Zatulin Lukaşenkonun xəstə olduğunu deyib, ancaq bu xəstəliyin konkret adını açıqlamayıb: “Bu, kovid deyil. Sadəcə, adam xəstələnib. Ancaq xəstə olmasına baxmayaraq, Moskvaya gəlməyi özünə borc bilib, həmin günün axşamı isə Minskdəki tədbirlərdə iştirak edib. Yəqin ki, müəyyən istirahətə ehtiyacı var, vəssalam”.

Bir çox mətbu orqanlar Lukaşenkonun orqanizmində ciddi problem yarandığını və bu problemin onun endokrin sisteminə və ürəyinə təsir etdiyini yazır. Qeyd olunur ki, son vaxtlarda Moskvadan Minskə Lukaşenkonu müayinə etmək üçün dəfələrlə xüsusi həkim briqadaları gəlib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol