Millət vəkili, Təhsil Nazirliyi yanında ictimai şuranın üzvü Etibar Əliyev Astara rayonunda keçirilmiş təhsil festivalında iştirak edib. O, “Feysbuk” səhifəsində həm tədbir, həm də Cənub rayonu haqqında təəssüratlarını paylaşıb.
“AzPolitika.info” Etibar Əliyevin qeydlərini təqdim edir: “Ötən il həmkarım və dostum Rəşad Mahmudovun təşəbbüsü ilə Astaranın Sım kəndində kitab köşkünün açılmasında iştirak etmişdim. Sım Astaranın ən ucqar kəndlərindən biridir. Bu kəndin 72 bulağı var. Sım kitab köşkünə 150 kitab hədiyyə etdik. Kənd sakinləri bizi yüksək coşğu ilə qarşıladılar. Çünki kənddə kitab köşkü açılırdı. Kitab bütün bölgələrimizə ayaq açmalıdır.
Bu dəfə Astaraya gedişimisdə tamamilə başqa həyat yaşadıq. Ölkəmizin dilbər güşəsində Elm və Təhsil Nazirliyi və Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təhsil festivalı təşkil olunmuşdu. Tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin Astara şəhərindəki abidəsini ziyarət etdik və önünə gül dəstələri qoyduq.
Astara şəhəri dənizkənarı park-bulvar ərazisində keçirilən festivalda Elm və Təhsil naziri Emin Əmrullayev, Gənclər və İdman naziri Fərid Qayıbov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatları, universitet rektorları, tanınmış ictimaiyyət nümayəndələri, ali, orta ixtisas və ümumtəhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər iştirak edirdi.

Festivalın keçirilməsində məqsəd özəl sektor və ölkə üzrə təhsilin inkişafı üçün digər maraqlı tərəflər arasında regionda əməkdaşlıq platformasının yaradılmasına dəstək verməkdir.
10.000 nəfərdən çox insanın iştirak etdiyi festifalda ali, orta ixtisas və peşə təhsil müəssisələri, həmçinin beynəlxalq, respublika idman yarışlarının və müxtəlif layihələrin qalibləri təqdimatlarla çıxış etdilər, düzgün ixtisas seçimi, kitab sərgisi və flaşmob nümayiş etdirildi, şagirdlər tərəfindən muxtəlif musiqi nömrələri təqdim edildi, Vətən müharibəsi iştirakçıları olan təhsil işçiləri ilə görüşlər təşkil olundu.

Belə intellektual və maarifçilik hərakatı bütün rayonlarımızda təşkil olunmalıdır. Bu cür möhtəşəm tədbirlər mütaliə mədəniyyətini genişləndirir, insanların kitaba və yaradıcılığa marağını artırır.
20-21 may tarixində Astarada bütün dünyanın marağını cəlb edən 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsi həyata keçirildi. Dünya standartlarına cavab verən Basketbol meydançasının qurulması və oyunları izləmək üçün minlərlə tamaşaçıya şərait yaradılması xüsusilə diqqətimi cəlb etdi. Bu Beynəlxalq basketbol yarışında dünyanın müxtəlif ölkələrini təmsil edən 12 komanda mübarizə apardı. Belə böyük tədbirin ərsəyə gətirilməsi Azərbaycanın idman ölkəsi olmasını bir daha sübuta yetirir. Yarışın ərsyə gətirilməsində Azərbaycan Basketbol Federasiyasının prezidenti, cənab Emin Əmrullayev başda olmaqla bütün təşkilatçılara təşəkkür edirəm. Həmçinin yüksək qonaqpərvərliyə və təşkilatçılığa görə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə və Astaradan deputat seçilmiş dəyərli Rəşad Mahmudova xüsusi təşəkkür düşür.

Qadınlardan ibarət “Neftçi” basketbol Klubunun oyunlarını həyacanla izlədik. Komandamız yarımfinala qədər yüksəldi. Düşünürəm ki, komandamız gələcəkdə böyük uğurlara imza atacaq.
Astara artıq kreativ şəhərə çevrilib. Şəhərin belə bir görkəmi tədbirlərdə iştirak edən insanların gəldiyi qənaətdir.
Sım kəndinə gedib təbiətin qoynunda kitab oxumağı və müəllimlərə “Mütaliə mədəniyyətinin sirləri” mövzusunda mühazirə oxumağı planlaşdırmışam”.


Şərhlər