BƏYANATSIZ, CƏMİ 20 DƏQİQƏ ÇƏKƏN GÖRÜŞ... – Moskva görüşü niyə nəticəsiz bitdi?

“Dünənki görüşdən müəyyən gözləntilər var idi. Rusiya bu görüşlə bağlı ciddi hazırlıq görmüşdü. Azərbaycan Moskvada geniş tərkibli nümayəndə heyyəti ilə təmsil olunurdu. Burada Ermənistanla münasibətlərdə birbaşa fəaliyyətdə olan güc strukturları - müdafiə naziri, sərhəd qoşunlarının rəisi də var idi. Bu, onu deməyə əsas verir ki, Azərbaycan nümayəndə heyyəti kifayət qədər ciddi müzakirələrə yollanıb”.

Bunu politoloq Fərhad Məmmədov ötən gün Azərbaycan, Rusiya və Ermənistan liderləirinin Moskvada keçirilən üçtərəfli görüşünü “AzPolitika.info”ya şərh edərkən deyib.

F. Məmmədovun sözlərinə görə, dünənki görüşdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında yaşanan söz davası, planlaşdırılan məsələlərin öz həllini tapmadığını göstərir: “İlk dəfə idi ki, üçtərəfli görüşdən sonra yekun bəyanat olmadı. Halbuki Rusiya mediası Kremlə istinadən bildirirdi ki, görüşlə bağlı iki sənəd hazırlanır. Biri üçtərəfli görüşün bəyanatı, digəri isə nəqliyyatla bağlı idi. Görüş çox qısa keçdi, cəmi 20 dəqiqə. Bu, o deməkdir ki,Rusiya tərəflərin ortaq məxrəcə gəlməsinə və növbəti üçtərəfli bəyanatın qəbul edilməsinə nail ola bilmədi”.

Politoloq qeyd edib ki, Rusiya proseslərin sürətlə inkişaf etdiyini və əsas danışıqlar platformasının Qərb olduğunu anlayır: “Rusiya özünün iştirak etdiyi və ya iştirakı nəzərdə tutulan məsələləri aktuallaşdırmaq niyyətindədir. Bu, əsasən Zəngəzur dəhlizi və kommunikasiyaların açılması ilə bağlıdır. Rusiya bu istiqamətdə Ermənistana təzyiqlər edir. Nəzərə almaq lazımdır ki, sülh sazişi və ərazi bütövlüyü prinsipinin dəstəklənməsinin əsas şərti Bakı və Qarabağ ermənilərinin dialoqudur. Rusiya burada öz destruktiv rolunu oynaya bilər. Çünki Qarabağ ermənilərinə rəhbərlik edən hərbi cinayətkarlar tam olaraq Rusiyanın nəzarətindədir”.

“Rusiya bu ərazi bütövlüyü prinsipini nəzərdə tutan sülh sazişi prosesini saxlamaq üçün Ermənistan rəhbərliyinə təzyiq edir ki, onlar Qarabağ ermənilərini Bakı ilə dialoqa buraxmasınlar. Belə olan halda nə sülh müqaviləsi imzalanır, nə də ki, kommunikasiyalar açılır. Əgər kommunikasiyalarla bağlı qərar qəbul edilsə və Rusiya Ermənistan ərazisində əlavə funksiyalara yiyələnsə, böyük ehtimalla Rusiyanın Qarabağ erməniləri məsələsində də müəyyən yumşalmalar olacaq”, - deyə politoloq qeyd edib.

Politoloq Elxan Şahinoğlu da hesab edir ki, liderlərin Moskva görüşündən nəticə çıxmadı. Ekspert xatırladır ki, Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putin tərəfindən Avrasiya İqtisadi Brilyinin Moskva toplantısına dəvətli idi: “Ümumi toplantıdan sonra Vladimir Putin, İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş planlaşdırılmışdı. Ancaq Avrasiya İqtisadi Birliyinin toplantısında Nikol Paşinyanla İlham Əliyev arasında yaşanan gərginlik üçtərəfli görüşə mənfi təsir etdi. Nikol Paşinyan İlham Əliyevin çıxında səsləndirdiyi “koridor” ifadəsinə kəskin reaksiya verdi. Paşinyanın məntiqinə görə guya “Zəngəruz koridoru” ifadəsi Azərbaycanın Ermənistanın ərazisinə iddianı əks etdirir, “Laçın koridoru” isə nəzarətdə olmamalıdır. İlham Əliyev də cavabında dedi ki, “Zəngəzur koridoru” nəqliyyat yoludur və özündə Ermənistana qarşı ərazi iddiasını ehtiva etmir, Laçın yolunda isə sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın müstəsna hüququdur və bu 2020-ci il 10 noyabr bəyanatına zidd deyil”.

E.Şahinoğlu qeyd edir ki, Nikol Paşinyan Moskvaya gəlmədən öncə Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.

“Önəmli olan budursa, Paşinyan nədən Moskvada İlham Əliyevin “koridor” sözünə isterik reaksiya verib? Böyük ehtimalla Paşinyan bu ifadəyə ona görə etiraz edib ki, Ermənistana qayıtdıqda radikal müxalifətin tənqidlərinə tuş gəlməsin. Çünki radikallar Paşinyanı onda ittiham edəcəkdilər ki, “Sən nədən İlham Əliyevin çıxındakı tezislərə reaksiya vermədin?”. Ancaq Paşinyanın İlham Əliyevlə polemikası birincinin xeyrinə olmadı. Çünki Avrasiya İqtisadi Birliyi liderlərini “koridor” ifadəsi narahat etmirdi, onlar üçün önəmli olan Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olmasıdır”, -təhlilçi qeyd edib.

E.Şahinoğlu xatırladır ki, Putin-Əliyev-Paşinyan üçtərəfli görüşü cəmi 20 dəqiqə çəkdi. 

“Çünki bəlli oldu ki, liderlər hər hansı sənədi, hətta ümumi bəyanatı imzalamağa hazır deyillər. Putin sadəcə onu dedi ki, iki dövlət arasında nəqliyyat yolunun açılması prosesi sürətlənə bilər, bir müddət sonra 3 ölkənin baş nazirlərinin müavinləri detalları müzakirə edəcəklər. Əlbəttə, bu məsələdə razılıq var, ancaq Ermənistan öz ərazisində dəmiryolunu bərpa etməyə tələsmir, Azərbaycan isə çalışmaları yekunlaşdırmaq üzrədir. Bütün hallarda Kreml Azərbaycanla Ermənistan arasında dəmiryolunun açılmasıyla bağlı danışıqlar prosesini nəzarətdə saxlamaq istəyir. Halbuki, bu məsələdə İlham Əliyevlə Nikol Paşinyan ilkin şifahi razılaşmanı Brüsseldə Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçilyi ilə əldə etmişdilər. Şifahi razılaşmada Beynəlxalq Gömrük Təşkilatının da işin içində olacağı bildirilmişdi. Kremlin buna etirazının olub-olmaması barədə məlumat yoxdur”, - o vurğulayıb.

Təhlilçi bildirir ki, Nikol Paşinyan iyunun 1-də Kişinyovda keçiriləcək görüşə ümid edir. Onun sözlərinə görə, Avropa Siyasi Şurasının Moldova paytaxtında keçiriləcək toplantısında İlham Əliyev-Nikol Paşinyan-Şarl Mişel görüşündə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da iştirak edəcəklər.

“Paşinyanın Rusiyaya inamı yoxdur. O, Makronun iştirak etdiyi format çərçivəsində saziş imzalamaq istəyir. Azərbaycan isə Makronsuz Brüssel formatı çərçivəsində sazişə üstünlük verir. Ancaq əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədə imza atmağa hazırdırsa, məkanın və iştirakçıların xüsusi əhəmiyyəti yoxdur”, - E.Şahinoğlu vurğulayıb.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Roma 2023-05-28 06:34:08

Nə qədər ki, rusiya bu məsələdə rolu varsa bu məsələ düzəlməyəcək, 1780-90-cı illərindən bu münaqişəni rusiya yaradıb və bu ocağı sönməyə qoymur...

Türk 2023-05-26 23:53:35

bu da bizə qarşı növbəti tələ olacaq

t.ədalət 2023-05-26 14:42:17

Azərbaycan Rusiyanın quyruğunda süründükcə belə olacaq.Müstəmləkə rejimindən çıxmaq lazımdır.Yoxsa,Putin bizdən əl çəkməyəcək.

Vuqar Memmed.oglu 2023-05-26 13:45:54

Makaronun bu isə ..burun..sıxmasının bizim üçün problemdən savayı hec bir xeyrini görmürəm!

Son yazılar