ABŞ mətbuatı Qarabağdakı Rusiya sülhməramlılarının sülhə əngəl olmasından yazıb

ABŞ-ın geniş oxucu kütləsinə malik nüfuzlu “Frontpage Magazine” jurnalında “Rusiyanın Ermənistan gedişi” sərlövhəli məqalə dərc olunub.

Tanınmış poitoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə bildirilir ki, İkinci Qarabağ müharibəsinin sonunda Ermənistan, Azərbaycan və Rusiya arasında 2025-ci ilə qədər Rusiyanın 1960 sülhməramlı əsgərinin müharibə şəraitində olan Qarabağ bölgəsində qalmasını nəzərdə tutan üçtərəfli bəyanat imzalanıb. Lakin Ukraynada başlayan müharibə Rusiya sülhməramlılarının Azərbaycanla Ermənistan arasında sülhü təmin etmək imkanlarına mənfi təsir göstərib. Üstəlik, istənilən sülh sazişi Moskvanın Cənubi Qafqazda təsirini zəiflədə biləcəyindən, ruslar iki tərəf arasında real sülhün əldə olunmasının əleyhinədirlər.

Qeyd olunub ki, əslində Rusiya Qarabağda öz sülhməramlılarının mövcudluğundan Azərbaycanla Ermənistan arasında sülhü təmin etmək üçün deyil, bölgədə öz təsirini genişləndirmək üçün istifadə edir. Məsələn, keçən il məlum olub ki, Rusiya sülhməramlıları Qarabağın təbii sərvətlərindən iqtisadi mənfəət əldə etmək istəyən qaçaqmalçılara yardım edir. Qarabağın faydalı qazıntılarını oğurlayan bu qaçaqmalçıların sözügedən cinayətkar fəaliyyəti ekoloji etiraz dalğasına səbəb olub və bu, öz növbəsində bölgədə sülh prosesini daha da pozub.

Diqqətə çatdırılıb ki, azərbaycanlı ekofəalların Laçın dəhlizində keçirdiyi aksiya səbəbindən separatçıların silah qaçaqmalçılığı üçün ara yollardan istifadə edildiyi aşkar edildikdən sonra Rusiya sülhməramlıları növbəti dəfə qaçaqmalçıların təxribatçı fəaliyyəti üçün müdafiə qalxanı yaradıblar ki, bu da Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması prosesinə növbəti zərbə olub. Rusiya sülhməramlılarının öz vəzifələrini düzgün yerinə yetirməməsi səbəbindən Azərbaycan həmin zamandan etibarən bu ərazidə nəzarət-buraxılış məntəqəsi yaradıb ki, bu da ekoloji etirazların başa çatması kimi mənqiti sonluq ilə yekunlaşıb.

Bir sıra tanınmış siyasi ekspertin fikirlərinin yer aldığı məqalədə qeyd olunub ki, onlara verilən tapşırıqları yerinə yetirən Rusiya sülhməramlılarının gerçək missiyası münaqişənin davamlılığının təmin olunmasına dəstək verməkdir, çünki münaqişə Rusiyanın Qarabağ və Ermənistandakı hərbi mövcudluğunun yeganə səbəbidir. Belə ki, Qarabağdakı separatçı qüvvələrin silah-sursatla təmin olunmasına şərait yaratmaqda son məqsəd həm Krımda, həm də Ukraynanın şərqində Rusiyanın həyata keçridiyi ilhaqa “əsas vermiş referendum”un analoji formasını gələcəkdə Qarabağda keçirmək üçün burada ekstremizmin gücünü saxlamaqdır. Xankəndidə ermənilərin rus dilini rəsmi dil elan etməsindən və Qarabağdakı ermənilərə rus pasportunun verilməsi ideyası ilə möhtəkirliyə başlanılmasından sonra sülhməramlılarınQarabağda məktəblilərə 50 dəfədən artıq baş çəkməsi rusların məkrli planlarından xəbər verir. Müəllif bu qənaətdədir ki, Azərbaycanın Ermənistanla sərhəddə yaratdığı nəzarət-buraxılış məntəqəsi problemi xeyli azaldıb, lakin Rusiya sülhməramlılarının bölgədə olması problemli məsələ olaraq qalacaq.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.frontpagemag.com/a-russian-move-into-armenia/

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar