RUSİYADAN UKRAYNAYA QARŞI YENİ TƏLƏBLƏR - Kreml sülh üçün absurd şərtlər irəli sürdü

Hamı Ukrayna ordusunun geniş miqyaslı əks-hücumunu gözləyərkən, Rusiya Ukraynada sülhə nail olmaq üçün yeni şərtlər irəli sürüb.

“AzPolitika.info” xəbər verir ki, “TASS” agentliyinə müsahibə verən Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin Rusiyanın Ukrayna qarşısında qoyduğu tələbləri səsləndirib. 

Həmin tələblərin içərisində əvvəllər qeydə alınmayan bəzi yeniliklər var.

Qaluzin deyib ki, münaqişənin nizamlanması üçün ilk növbədə Ukrayna hərbi əməliyyatları, Qərb ölkələri isə Ukraynaya silah tədarükünü dayandırmalıdır(!). Eyni zamanda, hərtərəfli sülhə nail olmaq üçün Ukrayna bloklardan kənar neytral statusa qayıtmalı və “xalqların öz müqəddaratını təyin etməsi hüququnun reallaşdırılması nəticəsində yaranan yeni ərazi reallıqlarını qəbul etməlidir”.

Yəni ki, işğal olunan əraziləri Rusiya ərazisi kimi tanımalıdır…

Növbəti tələbə görə neytral statusa qayıtmalı olan Ukrayna Avropa İttifaqı və NATO-ya daxil olmaqdan imtina etməlidir.

Daha bir tələb Ukraynadakı rusdillilərin və milli azlıqların “hüquqları” ilə bağlıdır. Tələb olunur ki, qanunverici orqan səviyyəsində rus dilinə dövlət dili status verilsin.

Məsələ ondadır ki, əvvəllər, hətta döyüş meydanında üstünlük və təşəbbüs Rusiyanın tərəfində olanda belə, bu cür şərtlər irəli sürülmürdü. Məsələn, Ukraynanın Avropa İttifaqına üzvlük iddiasından imtina etməsi və rus dilinin dövlət dili kimi tanınması şərtləri indiyə qədər olmayıb. 

Vladimir Putinin özü 2022-ci ilin iyununda Rusiyanın Ukraynanın hərbi blok olmayan Avropa İttifaqına üzvlüyünün əleyhinə olmadığını söyləyib.

Rusiyanın Qaluzinin dili ilə irəli sürdüyü yeni şərtlər Kremlin ya doğrudan da reallıqla əlaqəni itirdiyini, ya da sülh prosesində maraqlı olmadığını göstərir. Yeri gəlmişkən, Qərbdəki əksər siyasi dairələr və siyasətçilər məhz ikinci varinatı, yəni Rusiyanıln sülh istəməməsini ağlabatan hesab edirlər. Çünki bir tərəfdən Putin, Lavrov və digərləri tərəfindən tez-tez sülh çağırışları səsləndirilir, digər tərəfdən isə bu cür absurd tələblər irəli sürülür.

Qeyd edək ki, ABŞ Müharibə Araşdırmaları İnstitutu da son hesabatında Kremlin Ukrayna ilə danışıqlarda maraqlı olmadığını yazıb. Çünki Rusiya öz maksimalist tələblərindən əl çəkmir. Bu tələblər isə Ukraynanın kapitulyasiyası anlamına gəlir.

Onu da xatırladaq ki, Ukrayna tərəfi artıq xeyli müddətdir Kremlin istənilən tələbinə ciddi yanaşmır, Putini həmsöhbət hesab etmir və bildirir ki, danışıqlara başlamağın yeganə şərti var – bütün Rusiya qoşunları Ukraynanın suveren ərazilərini tərk etməlidir.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Mubariz 2023-05-27 19:41:05

Bu çaqqallar Qarabağda da «öz müqəddaratını təyin etmə » metoduna əl atacaqlar ,nə qədər ki Paşinyan hakimiyyətdədir sülh sazişi imzalanmalıdır ,yoxsa hakimiyyət dəyişsə bizim kitabımız bağlanacaq ,rus da buradan çıxmayacaq

Son yazılar