İsrailin ərəb dünyası və İran üzrə ən tanınmış eksperti, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı, Tel-Əviv Universitetinin mühazirəçisi Mordexay Kedar Güney Azərbaycandakı soydaşlarımızın milli haqları uğrundakı mübarizəsinin müdafiəsinə qoşulub.
Yaxın Şərqdəki geosiyasi-hərbi vəziyyətin təhlili sahəsində dünya səviyyəli mütəxəssis kimi qəbul edilən israilli professorun ölkəsinin geniş oxucu kütləsinə malik populyar “İsrael National News” qəzetində “İran öz sərhədlərindən kənarda dissidentləri necə təqib edir” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə tarixi proseslərdən doğan ədalətsizlik nəticəsində ikiyə bölünmüş vətənimizin bir hissəsində müstəqil dövlətin qurulduğu halda, digər hissəsinin hələ də şiə islamı ilə pərdələnmiş fars milliyyətçiliyinin əsarətində qaldığını vurğulayan müəllif son illər bu bölgədə güclənən azadlıq hərəkatına rəhbərlik edən təşkilatlardan birinin Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin xarici əlaqələr komitəsinin sədri, Günaz TV-nin rəhbəri Əhməd Obalı ABŞ-da, Kaliforniya ştatının Santa Klara şəhərində ona qarşı gerçəkləşdirilmiş terror aktının qurbanı olub. Sayı bilinməyən terrorçular tərəfindən həyata keçirilən hücum nəticəsində güneyli soydaşımız ağır bədən xəsarətləri alıb, o cümlədən onun boyun fəqərələri, sağ əlinin bütün barmaqları sındırılıb, bilərəkdən gözlərinə zədə yetirilib. Obalının İran molla rejimini tənqid edən məşhur dissident jurnalist kimi tanındığına diqqət çəkən müəllif böyük ehtimalla hücumun arxasında Tehrandakı ayətullah qaragüruhunun dayandığını və sözügedən hücumla güneyli soydaşımızın timsalında digər dissidentlərə “gözləri zədələnmiş, barmaqları sınmış jurnalist effektiv işləyə bilməz” mesajının verildiyini bildirib.
Qeyd olunub ki, Tehrandakı molla rejimi tərəfindən başqa ölkələrdə iranlı müxaliflərin təqib olunmasının uzun tarixçəsi var, 1989-1996-cı illər arasında teokratik rejim bütün dünyada 160-dan çox iranlı dissidenti qətlə yetirib. Bütün bunların fonunda azərbaycanlılar üçün Güney Azərbaycanın müstəqilliyini müdafiə edən, eyni zamanda yəhudi xalqının dostu olan dissident Əhməd Obalıya qarşı hücum Azərbaycan-İran münasibətlərinin ciddi şəkildə korlanmaqda davam etməsi prosesinin növbəti ünsürüdür. Belə ki, sonuncu Beynəlxalq Holokostu Anma Günündə silahlı şəxsin Azərbaycanın Tehrandakı səfirliyinə hücum edərək yüksək rütbəli təhlükəsizlik məmurunu öldürməsini Azərbaycan Prezidenti İlham Əliyev “terror hücumu” adlandırıb.
Müəllif onu da diqqətə çatdırıb ki, Tehrandakı səfirliyimizə hücumdan az sonra Azərbaycan xüsusi xidmət orqanları İranın casus şəbəkəsində əli olmaqda şübhəli bilinən 7 nəfəri saxlayıb, daha 39 nəfəri həbs edib. Fəqət İranın Azərbaycana hücumları bununla bitməyib və cari ilin mart ayında İslam Respublikasını tənqid edən azərbaycanlı deputat Fazil Mustafanın həyatına sui-qəsd cəhdi həyata keçirilib. İsrailli ekspert qeyd olunan hücumun İran xüsusi xidmət orqanları tərəfindən reallaşdırıldığını güman edir, çünki hücumdan 30 dəqiqə sonra İran İnqilab Keşikçiləri “Telegram” kanalında belə bir mesaj dərc ediblər: “İran və islam əleyhinə bəyanatları ilə tanınan azərbaycanlı deputat Fazil Mustafa öldürüldü". Operativ tədbir görən Azərbaycan hökuməti bu hücumda iştirak edən dörd nəfəri dərhal həbs edib.
İsrailli politoloq hesab edir ki, hakimiyyətdə bir-birini əvəz edən İran rejimlərinin Azərbaycana dəyişməyən nifrəti tarixi köklərdən qaynaqlanır. Belə ki, İslam Respublikası əhalisinin 40 faizini övladlarının nə vaxtsa öz ana dillərində təhsil almaq imkanına malik olacağı, Urmiya gölünün niyyətli şəkildə qurudulmadan qurtularaq çiçəklənəcəyi, insan haqlarına hörmət ediləcəyi azad ölkədə - müstəqil Güney Azərbaycanda yaşamaq arzusunda olan etnik azərbaycanlılar təşkil edir. Halbuki 1945-1946-cı illər arasında güneyli azərbaycanlıların öz müstəqil dövlətləri olub və bu müstəqilliyi o zamankı şah rejimi qan içində boğub.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:


Şərhlər