“ABŞ Prezidenti Co Baydenin administrasiyası bu həftə Moskvaya edilən pilotsuz təyyarə hücumunun arxasında kimin olduğunu bilmir”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Vaşinqtonda keçirdiyi brifinqdə administrasiyanın rəsmi nümayəndəsi Con Kirbi bildirib. Xatırladaq ki, Ağ Ev bundan əvvəl Ukraynanın Rusiya ərazisinə potensial zərbələrini dəstəkləmədiyini bildirib.
Kirbi qeyd edib ki, Kiyev şəhərin cənub-qərbində üç yaşayış binasına ziyan vuran pilotsuz təyyarənin hücumuna görə ittihamları rədd edir. Bayden administrasiyasının rəsmisi Vaşinqtonun olayla bağlı öz araşdırmasını aparmasının yersiz olacağını söyləyib.
Moskva və Moskva vilayətinə pilotsuz təyyarə hücumu mayın 30-da baş verib. İki nəfər həkimə müraciət edib. Rusiya paytaxtına düşən üç pilotsuz təyyarədən biri partlayıb. “Kommersant” yazır ki, təyyarənin qalıqlarını tədqiq edən ekspertlər səbəb kimi pilotsuz təyyarələrin nəzərdə tutulan hədəflərə çatmamasını göstərib.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, ümumilikdə hücumda 8 pilotsuz uçuş aparatı iştirak edib. Onlardan biri Rusiya Prezidenti Vladimir Putinin Novo-Oqaryovodakı iqamətgahından bir neçə dəqiqəlik məsafəyə düşüb. “The Moscow Times” yazır ki, həmin an Putin böyük ehtimalla iqamətgahda olub. Nəşrin mənbəsi Prezidentin səhər tezdən hava təhlükəsi səbəbindən oyandığını iddia edir.
Moskva hücuma görə Kiyevi günahlandırıb. Rusiyada hadisədən sonra terror aktı ilə bağlı cinayət işi açılıb. Putin deyib ki, zərbələr Ukrayna hərbi kəşfiyyatının qərargahına endirilən zərbəyə cavabdır. Kiyevdə qərargaha hücum təkzib edilir.
“AzPolitika.info”


Şərhlər