“ABŞ-ın MÖVQEYİNDƏ CİDDİ VƏ MÜSBƏT DƏYİŞİKLİK VAR” – “Ermənilər əmin idilər ki, Moskvada Azərbaycan Prezidentinə təzyiqlər olacaq”

Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov “AzPolitika.info”-ya geniş müsahibəsində Azərbaycanla Ermənistan arasında davam edən sülh danışıqlarının perspektivlərini şərh edib, eləcə də Kişiniyovda İlham Əliyev və Nikol Paşinyanın Avropa liderləri ilə birgə görüşündən gözləntilərini açıqlayıb.

Müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Kişniyovda keçirlən Avropa Birliyi Siyasi Sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Almaniya və Fransa dövlət başçıları ilə bir araya gəlməzdən əvvəl – mayın 25-də Moskvada Rusiya Prezidenti V.Putinin vasitəçiliyi ilə İlham Əliyevlə Nikol Paşinyan arasında cəmi 20 dəqiqə çəkən nəticəsiz görüş olmuşdu. Daha əvvəl isə Avrasiya İqtisadi Birliyinin sammitində iki lider arasında söz atışması oldu. Moskvada baş verənləri necə dəyərləndirirsiniz?

- Moskva görüşündən öncə Vaşinqtonda xarici işlər nazirləri arasında keçirilmiş görüşü yada salmaq lazımdır. Bu, Azərbaycan tərəfi üçün çox uğurlu bir görüş olub. Bəli, yekun nəticə əldə olunmadı, amma biz Amerika Birləşmiş Ştatlarının mövqeyində çox ciddi və müsbət dəyişikliklərə şahid olduq.

- Hansı dəyişiklikləri nəzərdə tutursunuz?

- ABŞ-ın mövqeyi ondan ibarətdir ki, həm Qarabağda yaşayan ermənilər, həm də gələcəkdə Zəngəzurda ya da digər yerlərdə yaşayacaq Qərbi azərbaycanlıların məsələsi eyni səviyyəli mövzulardır. Belə təqdim olundu. Blinken bildirib ki, “bu, milli azlıqlar mövzusudur və gələcəkdə bunlara baxılması mümkündür”. Bu cür balanslaşdırılmış mövqeyin Azərbaycan üçün çox böyük bir uğur olduğunu düşünürəm. Biz gördük ki, bu danışıqlar zamanı Ermənistan rəsmiləri, hətta bilavasitə Paşinyanın özü belə bəyanatlar səsləndirdi ki, “biz Rusiyanın vasitəçiliyini daha da aktivləşdirmək istəyirik”. Moskva görüşü də bir növ bu bəyanatın davamı oldu.

- Yəni, ABŞ-ın bu mövqeyinə qarşı Rusiyanın dəstəyini əldə etməyə cəhd etdilər…

- Bəli. Lakin hadisələr ermənilərin istədiyi kimi cərəyan etmədi. Soçidə Azərbaycan Prezidenti bəyan etmişdi ki, artıq Qarabağ məsələsi həll olunub. Təbii ki, bu prinsipial mövqedən sonra istənilən vasitəçi ölkə onu nəzərə almalıdır. Həmişəki kimi, ermənilər əmin idilər ki, Rusiyanın mövqeyi dəyişəcək və Moskvada Azərbaycan Prezidentinə təzyiqlər olacaq. Ermənilər bir növ şantaj taktikasından istifadə edirdilər. Onlar ruslara “ya bizə kömək edin, Azərbaycana təzyiq edin, ya da biz Qərbyönümlü siyasətimizi daha da gücləndirəcəyik” deyirdilər. Amma biz gördük ki, bu məsələ onların istədiyi kimi olmadı. Hətta deyilənə görə, bu görüş cəmi 20 dəqiqə çəkib.

- Bunları nəzərə alsaq, Kişinyov görüşündən nə gözləmək olar?

- Kişinyov görüşü Avropa İttifaqının tədbiridir və burada Avropada ən böyük nüfuza və imkanlara malik olan iki ölkənin – Almaniya və Fransanın başçıları iştirak edəcəklər. Bu görüşü təhlil edərkən, onu Emmanuel Makronun bu proseslərə yenidən qayıtmaq cəhdi kimi də qiymətləndirə bilərik. Amma mən inanmıram ki, müzakirə olunan məsələlərin arasında sülh sazişi olsun. Çünki Vaşinqton və Moskva görüşlərindən sonra manevr imkanları azalıb. Onlar yaxşı başa düşürlər ki, Azərbaycan artıq öz rəsmi mövqeyini bəyan edib. Bu mövqe həm Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində səslənib, həm də Moskvada liderlər tərəfindən. İndi Kişinyovda Azərbaycanın mövqeyini dəyişməsi mümkün deyil. Digər tərəfdən, Ermənistan bizim ərazi bütövlüyümüzü tanıya-tanıya bəyan edir ki, Qarabağda hansısa status məsələsi müzakirə olunmalıdır. İndi birbaşa “status” demirlər, deyirlər ki, hüquqlar və təhlükəsizlik mövzusu müzakirə edilməlidir. Yəni, yenə də o köhnə siyasəti yeni şəraitdə davam eləmək niyyətindədirlər.

Əminəm ki, Kişinyovda müzakirə olunan məsələlərdən biri kommunikasiyalarla bağlı olacaq. Çünki Avropa İttifaqı ilk növbədə siyasi yox, iqtisadi bir qurumdur və bu baxımdan geniş maliyyə imkanlarına malikdir. Burada Azərbaycanın mövqeyi ondan ibarətdir ki, öncə Zəngəzurda olan kommunikasiya bərpa olunmalıdır və daha sonra digər kommunikasiyalar barəsində danışıqlar aparılmalıdır. Hesab edirəm ki, bu məsələdə hansısa irəliləyişlər ola bilər. Digər bir mövzu humanitar məsələlərlə bağlıdır. Burada söhbət hərbçilərin hansısa sadələşmiş prosedur əsasında tərəflərə qaytarılmasından gedir. Düşünürəm ki, Kişinyovda bu barədə müzakirələr olacaq.

- Bratislavda Ermənistanın Təhlükəsizlik Şurasının katibi bildirdi ki, Qarabağdakı silahlı qüvvələr “Qarabağ xalqı”nın təhlükəsizliyini qorumaq üçün lazımdır və onların Ermənistana aidiyyatı yoxdur. Sizcə, bu mövzuda Qərbin mövqeyi nədən ibarətdir?

- Əgər onlar hansısa şəkildə orada yaşayan ermənilərin təhlükəsizliyi, hüquqları barədə danışmaq istəyirlərsə, bu zaman Paşinyan bəyan etsin ki, Qərbi azərbaycanlılar hansısa şəraitdə öz yurdlarına qayıda bilərlər. Sən öz ərazində bizə nümunə göstər və sərhəd boyu 100 kənddə heç olmasa hansısa şərait yarat. Məsələn, orada Avropa İttifaqının missiyası var. Gəlsinlər, orada şərait yaratsınlar və bizim insanlarımız da ora qayıda bilsinlər. 

- Tofiq müəllim, Qarabağda separatçılar və onların nəzarətində olan silahlı qüvvələrə Rusiya tam şəkildə nəzarət edir. Azərbaycanın strategiyası isə ilk növbədə silahlı dəstələrin ləğv edilməsidir. Bu məsələdə Azərbaycan Rusiya ilə dialoq apara, razılaşma əldə edə bilərmi?

- Birincisi, təhlükəsizlik məsələlərində boşluq ola bilməz. Bu qeyri-qanuni anti-konstitusion birləşmələri kimsə əvəz edə bilər. Yəni, dünya təcrübəsində də belə hallar var. Məsələn, Abxaziyada, ya da Osetiyada üçtərəfli patrullar təşkil olunub. Burada da Azərbaycan büdcəsindən maliyyələşən, tərkibində milliyyətcə erməni olan, amma bu funksiyasını Azərbaycan tərəfinin tapşırığı əsasında icra edən üçtərəfli patrul xidməti apara bilər. 

- Yüngül silahlanmış dəstələrdən söhbət gedir?

- Təbii ki, polis funksiyasından söhbət gedir. Orada hərbi funksiya ola bilməz. Çünki radikallar istər-istəməz orada hansısa təxribatları yaradıb, sonra Azərbaycanı ittiham edə bilərlər. Müvəqqəti olaraq post-patrul xidmətini aparmaq onlara tapşırıla bilər. Təbii ki, o biri qurumlar tamamilə tərksilah olunub buraxılmalıdırlar və onların arasında identifikasiya prosesi aparılmalıdır. Kim Ermənistandan gəlib, birmənalı ərazini tərk etməlidir…

- Rusiya - Azərbaycan müstəvisində bu müzakirələri aparmaq mümkündürmü?

- Bu barədə məndə məlumat yoxdur. Hesab edirəm ki, 2025-ci ilə çox az vaxt qalıb və biz bu iki illik müddətdən səmərəli istifadə etməliyik.

- Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, “Paşinyanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması Qarabağ ermənilərinin hüquqları və təhlükəsizlik məsələlərinin beynəlxalq qarantiya altında qorunmasını istisna eləmir”. Eləcə də Şarl Mişelin bəyanatında gördük ki, Bakı və Xankəndi arasında dialoq qabardılır. Azərbaycanın mövqeyi isə budur ki, prosesə beynəlxalq missiya cəlb oluna bilməz. Sizcə, burada Bakı üçün optimal variant nədir?

- Biz bu diskussiyanı ruslarla aparırıqsa, onda Çeçenistan müharibəsindən sonrakı təcrübəyə də istinad edə bilərik. Əslində, ruslar müharibədən sonar Çeçenistanı Rusiyaya inteqrasiya etdilər. Vaxtilə indiki Çeçenistan lideri öz kitabında yazırdı ki, “Mən birinci rusu 17 yaşımda öldürmüşəm”. Amma indi Ukraynada Rusiyaya kömək etmək üçün özlərini öldürürlər. Biz başa düşməliyik ki, bu müzakirələri apararkən, həm də bu misalları gətirə bilərik. Biz istəyirik ki, Xankəndində Azərbaycan qanunları tətbiq olunsun və münaqişəyə son qoyulsun. Hesab edirəm ki, bizim üçün imkanlar mövcuddur. Təbii ki, qarşı tərəf burada hansısa beynəlxalq vasitəçilərin, missiyanın olmasını istəyir. Ancaq hələ ki, Qarabağda sülhməramlılar var, belə bir missiyaya ehtiyac yoxdur. 

- Prezidentin Laçında səsləndirdiyi bəyanatların içərisində güc tətbiqi xüsusi diqqət çəkirdi. Dövlət başçısı konkret müddət göstərmədi, amma bildirdi ki, Azərbaycanın bu imkanları mövcuddur. Təcrübə göstərir ki, müharibə və ondan sonra bütün irəliləyişlər güc tətbiqi faktoruna əsaslanıb. Bundan sonra güc tətbiq etmək perspektivini necə dəyərləndirirsiniz?

- Məlum məsələdir ki, Xankəndində partizan müqaviməti təşkil etmək mümkün deyil. Çünki bunun üçün yer və münbit şərait yoxdur. Digər tərəfdən, insanların identifikasiyasını müəyyən edən xüsusi kameralar mövcuddur. Bu texnologiya balaca bir şəhərdə tətbiq olunsa, ermənilərin bizə qarşı hər hansı terror aktı planının müddəti cəmi bir gün çəkəcək. Biz dərhal bunun qarşısını alacağıq. Ermənilər iddia edirlər ki, guya partizan mübarizəsini meşələrdə başlayacaqlar. Ancaq bu da mümkün olan şey deyil. Yeni texnologiyalar və PUA-lar buna imkan verməyəcək. Radikallar bunu çox yaxşı başa düşürlər. Azərbaycan ordusunun gücü, Azərbaycan əsgərinin iradəsi onların yaddaşında həmişəlik həkk olunub. Əgər müqavimət göstərmək niyyətləri olsa, dərhal məhv ediləcəklər.

- Avropa İttifaqı Azərbaycana Bakı-Xankəndi dialoqu təklif edir. Prezident İlham Əliyev də Laçında bu məsələyə diqqət çəkdi, bildirdi ki, “biz dəvət eləmişik, amma onlar imtina ediblər”. Ümumiyyətlə, gələcəkdə heç bir vasitəçi olmadan bu cür təmasların qurulması mümkündürmü?

- Bilirsiniz, mən danışıq, dialoq və s. sözlərin tərəfdarı deyiləm. Gözəl bir söz var – kommunikasiya. Vətəndaş və dövlət qurumları arasında danışıq aparılmır. Dövlət və vətəndaş arasında olan müzakirə yeri “ASAN” Xidmətdir. Yəni, təbii ki, ilk mərhələdə hansısa praktik mövzuların müzakirəsi və həlli mümkündür. Məsələn, “Azərsu” və “Azərişıq”la onların təşkilatı arasında kommunikasiyalar qurula bilər. Amma bu kommunikasiyalar elə qurulmalıdır ki, təhlükəsizlik boşluğu olmasın.

- Sonda Türkiyənin prezident seçkilərindən sonra xarici siyasətində, xüsusi ilə Cənubi Qafqazla bağlı prioritetlərində dəyişikliklər mümkündürmü?

- Müxalifət hakimiyyətə gəlsəydi belə, strateji dəyişikliklərin olacağını düşünmürdüm. İndi hakimiyyətdə Rəcəb Tayyib Ərdoğandır və hər hansı dəyişikliyin olacağını gözləmirəm. Gündəmdə olan “Turan” layihəsidir. Bəzən biz belə fikirləşirik ki, bu layihənin fəal iştirakçıları ancaq türk dövlətləridir. Amma bölgəyə qonşu olan ölkələrdə də türk əhalisi həddindən artıq çoxdur. Bildiyiniz kimi, “Turan ideologiyası” fikrini ilk dəfə Kazan universitetindən olan alimlər səsləndiriblər. Bu baxımdan Rusiya, İran və Çində yaşayan türk xalqları da burada əhəmiyyətli rol oynayırlar. Məsələn, Çinin Sincan-Uyğur avtonom bölgəsinə baxsaq görərik ki, orada Ümumi Daxili Məhsulun həcmi 200 milyard dollardan çoxdur. Bu, Cənubi Qafqazın Ümumi Daxili Məhsulundan iki dəfə böyükdür. Türkiyə hazırda bu layihəni aktiv şəkildə həyata keçirir. Azərbaycanın orada iştirakı strateji baxımdan əhəmiyyətlidir. Mərkəzi Asiyada istənilən siyasəti aparmaq üçün Azərbaycan kimi ölkələrə ehtiyac var. Bu baxımdan əminəm ki, Azərbaycan -Türkiyə əlaqələri daha sürətli inkişaf edəcək.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar