Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, ilin sonunda sülh sazişi bağlamaq imkanı var: “Danışıqlar çox intensiv gedir və belə davam etsək, ilin sonunda sülh sazişi bağlamaq imkanı yaranır. Biz həll yolları tapmaq və bu həllər çərçivəsində sülh gündəmini irəli sürmək və sülh müqaviləsi bağlamaq əzmindəyik”.
“AzPolitika.info” xəbər verir ki, Qriqoryan iyunun 1-də Kişinyovda keçirilən görüşünü müsbət qiymətləndirib: “Bu, sülh gündəmini irəli aparmaq üçün yaxşı fürsətdir. Bu gündəliyə beynəlxalq ictimaiyyətin dəstəyi çox vacibdir”.
Qriqoryanın sözlərinə görə, kommunikasiyaların açılması ilə bağlı bir vacib məsələ var ki, bu da bütün iştirakçılara aydındır: “Sərhədlər Ermənistan tərəfinin nəzarəti altında olacaq, yəni Ermənistan daxilində blokun açılması zamanı bütün sərhəd xidmətlərini yalnız Ermənistan orqanları həyata keçirəcək”.
"Postmünaqişə dövründə əsas istiqamətlərdən biri sülh müqaviləsi üzrə gedən prosesdir". Bunu iyunun 5-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, növbəti görüşün yaxın zamanlarda Vaşinqtonda keçirilməsi nəzərdə tutulub: "Sülh müqaviləsi işlərinin başlanması Azərbaycan tərəfinin təşəbbüsüdür, baza prinsipləri Azərbaycan tərəfindən elan olunub, ilk sülh müqaviləsi layihəsi Azərbaycan tərəfindən təqdim olunub".
C.Bayramov deyib ki, beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq sülhün əldə edilməsi qaçılmazdır.
"Sülh müqaviləsi və dövlətlərarası münasibətlərin normallaşması üzrə saziş hazırlanmalı və imzalanmalıdır. Bu prosesin nə qədər zaman alacağını proqnozlaşdırmaq çətindir", - nazir qeyd edib.
“AzPolitika.info”


Şərhlər