“İLHAM ƏLİYEV KONKRET NƏTİCƏ GÖZLƏYİR” – “Ermənistan və Qarabağdakı rejim üçün fəlakət olacaq...”

“Ermənistan Baş nazirinin Türkiyə Prezidentinin andiçmə mərasimində iştirakını forma və məzmunca Ermənistanın yeni regional siyasətin reallıqlarına uyğunlaşmaq üçün uğurlu cəhdi hesab etmək olar”.

“AzPolitika.info” xəbər verir ki, politoloq Fərhad Məmmədov Ermənistan rəhbərliyinin yürütdüyü hazırkı siyasəti şərh edərkən bildirib. “Ermənistan rəhbərliyi vəziyyətə uyğun olaraq bir neçə variant üzərində dayanmışdı, onların arasında müxalifətin qələbəsi ən arzuolunan variant idi. Ancaq Ərdoğan seçkiləri qazandı”, - təhlilçi əlavə edib.

Ekspert hesab edir ki, Paşinyan öz reytinqi üçün çətin addım atdı – amma o iki pisdən birini seçməli idi: “Türkiyə Prezidentinin inauqurasiyasında iştirak etməyi daha uğurlu variant sayaraq Ankaraya uçdu. Təqdirəlayiq addımdır. Daxildə müəyyən izahatlar verə bilər, amma Paşinyan üçün xarici çevrələrdə ifadələrini manipulyasiya etmək getdikcə çətinləşir. Azərbaycan və ya Türkiyə prezidenti iclas zalındadırsa, bu, artıq mümkün deyil”.

F.Məmmədov deyir ki, danışıqlar prosesinin dinamikası insanı reallığa tabe olmağa və qərar qəbul etməyə məcbur edir. Onun sözlərinə görə, bu müddət ərzində Ermənistan rəhbərliyi, yəni Paşinyan Prezident İlham Əliyevin təkliflərinin tonuna və mahiyyətinə daha diqqətlə qulaq asmalıdır. “Bu təkliflər hələ də müzakirə olunur və konstruktivdir. Bu kontekstdə, nə qədər ki, Azərbaycan və Ermənistan liderləri indi təkbətək ünsiyyətdə olacaqlarsa, sülh müqaviləsinin imzalanması şansları artacaq”, - o vurğulayıb.

Təhlilçi daha sonra danışıqların dinamikasına nəzər salıb: “İyunun 12-si ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Ankarada onlar Prezident İlham Əliyev və Nikol Paşinyan arasında növbəti görüşün olacağını elan ediblər.

Kommunikasiyaları açmağa məsul olan Baş nazir müavinləri Moskvada əldə etdikləri razılaşmaları ictimaiyyətə açıqladılar. ABŞ-ın münaqişələr üzrə xüsusi nümayəndəsi Luis Bono bölgəyə səs-küylü səfər edib. O, tərəflər arasında fikir ayrılığına səbəb olan məqamlarla bağlı ABŞ-ın təkliflərini gətirib, belə demək mümkünsə, XİN başçılarının ABŞ-dakı görüşünün məzmununi hazırlayır.

Beləliklə, danışıqların gündəliyi dəyişməz olaraq qalır: sülh müqaviləsi, sərhədin müəyyən edilməsi, kommunikasiyaların açılması və humanitar aksiyalar fonunda prinsiplərin müəyyən edilməsi. Prosesin konstruktiv şəkildə getdiyini göstərən əlamətlər isə bunlar baş verənə qədər həbsdə olan hərbçilərin dəyişdirilməsi olacaq”.

Ekspert əlavə edir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatlarına fəlsəfi yanaşmaq lazımdır. Onun sözlərinə görə, Paşinyan komandasının bu nümayəndəsi artıq öz bəyanatları ilə Ermənistanın təhlükəsizliyinə təhdid yaradır və Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə açıqlamasında ona eyham vurub: “Qriqoryanın bütün çıxışlarına Ermənistanın Rusiyaya Zəngəzur dəhlizinin giriş-çıxışında sərhəd və gömrük məntəqələrində funksiyalar vermək niyyətində olmadığı barədə vurğu diqqətə layiqdir. Kommunikasiyalar açılmalıdır, amma bu, Ermənistan-Azərbaycan problemindən daha çox, Ermənistan-Rusiya məsələsinə çevrilib. Sülh müqaviləsinin ilin sonuna qədər imzalanacağı barədə onun dedikləri isə təbii ki, arzudur. Azərbaycanın əsas prioriteti sülh müqaviləsidir, ona yaradılan maneələri ardıcıl olaraq aradan qaldıracaq. Necə ki, dövlət sərhədində nəzarət-keçid məntəqəsi qurdu, indi də Qarabağda Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının çıxarılması, regionun tam silahsızlaşdırılması və Qarabağın Ermənistan tərəfindən resursla təmin edilməsinin dayandırılması həllini tapacaq”.

F.Məmmədov vurğulayır ki, Ermənistanın həm siyasi-diplomatik yolda, həm də meydanda manevr imkanlarını daralır. Onun sözlərinə görə, Azərbaycan Prezident İlham Əliyev danışıqlar prosesindən konkret nəticələr gözləyir. “Regiondakı vəziyyət yalnız Azərbaycanı gücləndirir, Ermənistanın mövqeyini isə zəiflədir. Bu şərtlər daxilində Qərb tərəfdaşlarından Paşinyana ən yaxşı məsləhət sülh müqaviləsi ilə bağlı qərarlar qəbul etmək olardı. Əks halda, şərtlər sürətlə dəyişəcək və bu, Ermənistan və Qarabağdakı qondarma rejim üçün fəlakətli nəticələrə gətirib çıxaracaq”, -təhlilçi əlavə edib.

“AzPolitika.info”

635x100

Şərhlər

Adem Bessarabi 2023-06-06 20:00:55

Prezident-Ali Baş Komandanın çoxdan gözlənilən layiqli Cavab əmri ilə aralıq işğal zonası işğaldan azad edildi! Əski separatçı DQMV etnik terror sovetliyinin azadlığı üçün də üçüncü ildir adekvat-kəskin tədbir gərək deyilmi?

Son yazılar