MİT-İN YENİ RƏHBƏRİ DÜNYA MEDİASINDA... - “Ərdoğanın sağ qolu, sirdaşıdır...”

Xəbər verildiyi kimi, 2014-cü ildən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü vəzifəsində çalışan İbrahim Kalın Milli Kəşfiyyat Təşkilatının (“MİT”) yeni rəhbəri olub.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, İ.Kalının “MİT”-ə rəhbər təyin edilməsi dünya mediasında böyük rezonanans doğurub. Dünyanın aparıcı media orqanları Türkiyənin əsas strateji qurumu hesab olunan “MİT”-in yeni rəhbəri haqda yazılar dərc ediblər.

Böyük Britaniyanın “Middle East Eye” (“MEE”) nəşri “Ərdoğan sözçüsü Kalını kəşfiyyat rəhbəri təyin etdi” başlığı ilə oxucularının qarşısına çıxıb. Nəşr Kalının uzun müddətdir Ərdoğanın sirdaşı olduğunu yazıb.

Kalının 2014-cü ildən prezidentin sözçüsü və xarici siyasət müşaviri vəzifələrində çalışdığını xatırladan “MEE”, yeni “MİT” prezidentinin doktorluq dərəcəsinə sahib olduğunu vurğulayıb.

“Al Arabia” nəşri isə sözügedən təyianatla bağlı bunları yazıb: “Ərdoğanın uzun müddətdir yaxın dostu olan Kalın, 2014-cü ildən bu yana Prezidentin sözçüsü vəzifəsini icra edirdi. Kalın Türkiyə Prezidentinin sözçüsü kimi xüsusilə Suriya münaqişəsi kimi böhranlı vəziyyətlərdə ölkənin xarici siyasətinin istiqamətləndirilməsində mühüm rol oynayıb. O, həmçinin atəşkəs sazişləri bağlamaq və sülhə başlamaq üçün Rusiya, ABŞ və İran kimi böyük güclərlə koordinasiyalı şəkildə çalışıb”.

İ. Kalının “MİT”-ə rəhbər təyin olunması yunan mediasında da gündəmin əsas müzakirə mövzusuna çevrilib.

Yunanıstanın “Kathimerini” nəşri öz portalında bu məsələyə yer ayırıb.

“Etnos” nəşri isə yayımladığı məqalədə Kalının “Gözəl ölkəm üçün durmaq yox, yola davam...” sözlərinə yer verib.

“Skai” nəşri isə “Ərdoğanın sağ qolu, güvəndiyi adam bundan sonra Türkiyə xüsusi xidmətinin iplərini hərəkət etdirəcək”,-deyə yazıb.

Başqa bir Yunan qəzeti “To Vima” isə “Kalın məxfi xidmətin başına keçdi” başlığıyla yayımladığı məqalədə İbrahim Kalının uzun müddət Ərdoğanın sözçüsü olduğunu xatırladıb.

Almaniyanın “Spiegel” nəşri isə Ərdoğanın seçkilərdə qələbə qazandıqdan sonra demək olar ki, bütün kabineti dəyişdiyini yazıb.

Elvin

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar