Menu

Avropa İttifaqı Ermənistanda daha 3 mərkəz açır – Missiyanın fəaliyyəti genişləndirilir

07.06.2023, 17:01
Avropa İttifaqı Ermənistanda daha 3 mərkəz açır – Missiyanın fəaliyyəti genişləndirilir

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası Cermuk, Yeqqnadzor və İcevanda yeni əməliyyat mərkəzləri açacaq.

“AzPolitika.info” xəbər verir ki, bu barədə yerli mediaya Aİ-nin İrəvandakı nümayəndəliyinin mətbuat xidmətindən məlumat verilib.

“Missiya yaxın aylarda tam hazırlığa nail olmaqla Cermuk, İcevan və Yeqqnadzorda üç əlavə əməliyyat mərkəzi açmağı planlaşdırır”, - nümayəndəliyin rəhbəri Markus Ritter bildirib.

Onun sözlərinə görə, missiya işə başlayandan bəri ilk üç ay ərzində Gorus, Cermuk və Martunidəki mərkəzlərindən ümumilikdə 300-dən çox patrul çıxışı həyata keçirib. Patrullar hər həftə 3800 km-dən çox məsafə qət edirlər.

“Bizim məqsədimiz digər məsələlərlə yanaşı, sərhədyanı ərazilərdə təhlükəsizliyin sabitləşməsinə töhfə verməkdir. Bir çox erməni rəsmilərinin fikrincə, Aİ missiyası vəziyyətin müəyyən qədər sabitləşməsinə töhfə verib. Bununla belə, vəziyyət hələ də qeyri-sabitdir”, - Ritter əlavə edib.

Missiyanın qərargahı Yeqqnadzorda yerləşir, İrəvanda altı əməliyyat mərkəzi və əlaqə ofisi fəaliyyət göstərir.

Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası fəaliyyətə başlayıb. Missiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək, yerlərdə inam yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etməkdir. Rəsmi Bakı Avropa İttifaqını kəskin qınayıb və missiya ilə əməkdaşlıq etməkdən imtina edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol