MƏZAHİR PƏNAHOVU YOXLAYIB YOLA SALACAQLAR?... – Bu səlahiyyəti məhdudlaşdırıldı

MSK-nın da “nəzarətə nəzarət” siyahısına salınması nə vəd edir?

Belə görünür ki, 23 ildir Mərkəzi Seçki Komissiyasına(MSK) sədrlik edən 73 yaşlı Məzahir Pənahov artıq başçılıq etdiyi quruma ayrılan dövlət vəsaitlərinə təkbaşına sərəncam verə bilməyəcək. Çünki seçkiyə ayrılmış pullara nəzarət üçün Seçki Məcəlləsinə dəyişiklik edilir.

Həmin dəyişikliyə görə seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma mənbələrinə nəzarəti təmin etmək məqsədilə MSK-da və dairə seçki komissiyasında nəzarət-təftiş xidmətləri yaradılır. Bu xudmətlərə Azərbaycan Mərkəzi Bankından, digər təşkilat və idarələrdən cəlb edilmiş mütəxəssislər daxil ediləcəklər. Bu, o deməkdir ki, MSK-ya ayrılan pulların istifadəsi nəzarətə götürülür.

Bir çox mətbu orqanlar M.Pənahovun uzağı parlament seçkisindən(2025-ci il) sonra yola salınacağını iddia edirlər. Ancaq qeyd edək ki, qarşıdakı iki ildə 3 seçki və bir referendum keçiriləcəyi gözlənilir. Bu tədbirlərin hər biri on milyonlarla manat vəsait deməkdir. Bundan başqa MSK-nın özünün daimi fəaliyyəti üçün büdcədən milyonlarla vəsait ayrılır. Yəni, bu qurum hansısa “yağlı” nazirlik qədər olmasa da, özünə görə heç də az sayılmayacaq maliyyə vəsaitlərilə təmin olunur. Bu vəsaitlərin nə dərəcədə şəffaf istifadə edilməsi isə özünü Məzahir Pənahovun vəzifədə olduğu 23 il ərzində ölkənin zəngin məmurlarından birinə çevrilməsində əks etdirir...

İndiyə qədər mətbuatda M.Pənahovun varidatına aid müxtəlif siyahılar dərc edilib. Buraya teleqüllənin yanındakı 4 mərtəbəli villadan tutmuş paytaxtın ayrı-ayrı ünvanlarındakı çoxsaylı mənzillərə və biznesə qədər çox şey daxildir. Ümumiyyətlə, 23 il eyni vəzifəni daşıyaraq, üst-üstə az qala 20-dək “mükəmməl” seçki və referendum keçirmək, həm seçki qutusundan “istənilən nəticəni” çıxarmaq, həm də bu işdən “babat” pul qazanmaq hər ölkənin MSK başçısına qismət olan fərasət, bilik və bacarıq deyil. Odur ki, Pənahov kimi “istedadlı” kadrların üzərində maliyyə nəzarətinin gücləndirilməsi qərarı bir qədər müəmmalı görünür.

Doğrudur, son zamanlar bütün istiqamətlərdə maliyyə axınına, büdcə vəsaitlərinin istifadəsinə nəzarət məqsədilə müşahidə şuraları formasında qurumlar yaradılır. Lakin bir çox nazirlik və dövlət qurumları ilə müqayisədə o qədər də böyük maliyyə axınlarının keçmədiyi, rəsmi vəzifəsi seçkinin təşkili və onun keçirilməsinə nəzarət olan MSK-nın özünün “nəzarətə nəzarət” siyahısına salınması düşündürücüdür.

Görünür, ya Pənahovun qurumunda “qara-qura” maliyyə işləri dözülməz həddə çatıb, ya da “dəyişməz” MSK sədrinin yola salınması, özü də “yoxlanıb, sonra yola salınması” prosesinə start verilib. Unutmayaq ki, Azərbaycan üçün uzun illər vəzifədə oturub “şişən” məmurların hamısının da olmasa, əhəmiyyətli qisminin “köpünün alınaraq” yola salınması praktikası heç də yad deyil...

Odur ki, istər-stəməz sual yaranır - bəlkə M.Pənahovu 2025-ci ilə qədər tutduğu vəzifədə saxlamayacaqlar? Hər halda, onun “seçki metodu”, adı və reputasiyası beynəlxalq müstəvidə də Azərbaycanın siyasi imicinə müsbət çalarlar gətirmir. Odur ki, hazırkı MSK sədrinin növbəti parlament seçkisinə qədər öz vəzifəsində qalacağı iddiaları kifayət qədər mübahisəli görünür...

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Kamal 2023-06-09 22:57:27

Məzahirdən millətin zəhləsi gedurmiş.Bu şərhlər bunu sübut etmirmi?

RR 2023-06-09 14:37:51

Adam yiqdiqni yiqmish ,,,, kotûcelernede bes eder

Əfqan 2023-06-09 14:35:30

Taykeş ayaqqabı geyən Məzahir Pənahov indi xalqa yuxarıdan aşağı baxı/r.Bir onun sayrdakı fotosuna diqqət edin.Dağıl ay dünya!

miri 2023-06-09 12:49:37

Məzahir və Əfruzə Məmləkətin seçki(?) sisteminin ümumiləşmiş simasıdir. Son 30 ildə reforma, islahat, yenilik, gənclik, xarici təhsilli... adlar ilə aparılan bütün kadr siyasəti əvvəlkilərin ölənlərinə rəhmət oxutdurmaqdan başqa bir fərq verməyib. İndi bu fenomeni götürüb, yerinə daha pis nə qoyulacağıni təsəvvür etmək olmur.

Villatət 2023-06-09 12:25:01

Seçki qanununu bilməyən.ölkə qanunlarından xəbərsiz adamı DSK-ya sədr təyinatı özü şübhəlidir.Pənahov bilmir ki, deputat bizneslə,alverlə,aldatmaqla,dələduzluqla məşğul olanlardan seçilə bilməz?Bəs necə olur deputatlaın 80 fauizdən çoxu öz biznesləri,alveri,korrupsiyası,monopoliyası ilə məşğudurlar.Hətta çoxu Palamentin iclaslarında çox vaxt iştirak etmir və şəxsi işləri ilə məşğuıdurlar.Deməli torbada pişik var və onun səsi çıxır.Sadəcə bəzilərinin qulağı bunu eşitmir

Cavid 2023-06-09 02:55:22

Saxtkarlıq cinayəti onun alnına yazılıb.Yoxlamaya nə ehtiyac var ki? Hazlr həbsxanalıqdır.

Millət 2023-06-09 02:46:40

Hələ rüşvətlə siyahiyə saldığı siqaret .dərman alverçiləri.biznesmen.monopolist "deputatcıqlar"dan aldıqlarıa.una hədiyyələr?,

Tahir 2023-06-08 23:51:35

Mezahir Penahovun oglu Araz penahov 2 ay evvel yoldashi Nergizle Mayamide ayi 22 min dollara penthausda galiblar 3 ay ki aprelin 16si gizlari Mayamide dunyaya gelsin ki Amerika pasportu alsinlar. Bunlarin gundelik xercleri 500-1000 $ teshkil edib hetta xususi yemek de gelirdi evlerine her gun. Mende diger melumatlar da var bunun oglu ve gelinin amerikada etdikleri ...subutlarnan. Azerbaijanin pulunu amerikada xercleyib Azerbaijani beyenmeyen muftexor balalari.

dadaşyev 2023-06-08 23:17:53

Kimya elmində doymuş məhlul deyə bir anlayış var.Məsəla,bir stəkan suya üç-dörd qaşıq şəkər tozu tök qarışdır,qarışacaq.Sonra yenə bir-iki qaşıq tök,bir az zor qarışacaq.Daha üç-dörd qaşıq tök,görəcəksən artıq müəyyən hissə qarışdı,müəyyən hissə stəkanın dibinə çökdü.Bax ondan sonra neçə qaşıq töksən də qarışmaz,şəkər tozu və ya duz stəkanın dibinə çökər.Çünki su artıq doyub.Yeyə bilmir şəkəri,duzu.Harasına yesin,doldurub daha,tutub özünü o ki var.Bax,Azərbaycan məmurları da hamılıqla doymuş məhlullara çevriliblər,o ki var tutublar özlərini,dolub daşıblar daha,pes yani türklər demiş.Şkaflar da dolub,küplər də dolub,qoymağa yer yoxdu dollar paçkalarını,qızıl külçələrini.Bax yalnız o zaman vidalaşma mərasimi çatır məmurun ikinci evi olan kabinetiylə.Niyə?Çünki növbədə başqa boşküplülər də var axı.Onların da küpü dolmalıdı,hələ kəpənək tırtılı halındadırlar,gərək küpləri doldursunlar ki,tırtıl dönüb pup olsun,sonra qanadları açılıb kəpənək olsun və yığıb yığışdırdıqlarını toplayıb pərvazlanıb uçsunlar Kanar adalarına,London ətrafına,Kosta-Rikaya,oraların vətəndaşı olub okean sahillərində villalar alıb Atlantik və Sakit okean sularında çimsinlər ki,biz kasıb-kusublar Qarabağ uğrunda ürəkdən savaşa bilək.

Səlim 2023-06-08 17:26:53

Bunu yola salmaq yox,həbs etmək lazımdır.Saxtakarlıq damğası onun üzərindədir....Məzahir DSK-da milyonlar qazanıb.Bunlar rüşvət sayılmır? Hələ ona verilən hədiyyələr (evlər.villa...)

Cəmşid Dərələyəzli 2023-06-08 14:56:21

Bu heç kimi maraqlandırmayan bir xəbərdir. "xəbər".Lütfen portalı korlamayın.

ƏNHU 2023-06-08 14:45:51

Bu Ərdoğanın məsləhətinə oxşayır. Çünki bu güzgünü vurub sındıərmaq lazımdır.

Vətəndaş 2023-06-08 10:42:52

Bəs bunun seçki maxinasiyaları? Pənahovun mal varlığı onun seçkilərdə rüşvət aldığını və saxtakarlığa görə mükafatlandırıldığını tam sübuta yetirir.Buna ciddi yanaşma vacibdir.Belə adamın DSK-ya cəlb edilməsinin təşkilatçıları da cəzalandırılmalıdır. P.nahovun DSK sədri olduğu müddətdə Parlamentdə nə qədər dələduz, monopolist və təsadüfi "deputatlar yaazıldığının hamı uzun illərdir şahididir.Bu yaramazlığlara nə zaman son qoyulacaq?

Son yazılar