Üç ölkənin bankları Rusiyaya qadağa qoydu – Sanksiyalardan yayınmağın qarşısı alınır...

Ermənistan, Qazaxıstan və Honq Konqun bankları Rusiya şirkətlərinin prosessorlar, mikrosxemlər və başqa elektronika malları üçün ödənişlərinin bloklanmasına başlayıblar.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazıb. Qeyd olunur ki, mallar Rusiyaya “paralel idxal” sxemi ilə sanksiyalardan yan keçilərək gətirilir. Rusiya şirkətləri malların nomenklatura koduna uyğun olaraq ödənişlərin bloklanması problemi ilə son iki həftədə üzləşməyə başlayıblar.

Rusiya hökumətinə yaxın başqa bir mənbə isə qəzetə bildirib ki, son nəsildən olan telekommunikasiya avadanlığı, habelə məlumatların saxlanması sistemləri və serverlər üçün ödənişlər də bloklanır.

Qəzetin müsahiblərindən birinin fikrincə Rusiya şirkətlərindən ödənişlərin bloklanması Ermənistan və Qazaxıstan banklarının ABŞ sanksiyalarından çəkinməsi ilə bağlıdır.

ABŞ onun sanksiya siyahılarına düşmüş Rusiya vətəndaşları və şirkətləri ilə hər hansı əməkdaşlığı qadağan edib.

“Kommersant” qəzetinin mənbələri bunu da bildiriblər ki, Rusiya şirkətləri elektron komponentlər üçün ödənişləri “alternativ” kodlarla etməklə bank yoxlanışından yayına bilərlər. Lakin bank sistemindəki mənbə bildirib ki, bunu etmək son dərəcə çətin olacaq, çünki banklar Rusiyadan ödənişləri “bir-bir” və “əllə” yoxlayırlar.

Rusiyadakı Optimaloq logistika firmasının baş direktoru Georgi Vlastopulo Kommersant qəzetinə deyib ki, banklar tərəfindən nəzarətin gücləndirilməsi Rusiya bazarında elektronika mallarının qıtlığına səbəb ola bilər:

"Komponentləri, ehtiyat hissələrini, kompüterləri və sair malları istehsalçı ölkədən birbaşa almaq imkanı yoxdur, bunu üçüncü ölkələr vasitəsilə etmək isə günü gündən çətinləşir. Buna görə də Rusiyada sanksiyalı malların defisiti yarana bilər”.

Rusiya Ukraynaya tammiqyaslı müdaxilə edəndən bəri Qərb ölkələri Rusiya üzərinə sanksiyalar qoyaraq ona hərbi texnikanın və ya hərbidə istifadə oluna biləcək malların satışını qadağan edib.

Lakin Rusiya həmin malları üçüncü ölkələr, əsasən də Mərkəzi Asiya ölkələri və Ermənistan vasitəsilə sanksiyalardan yan keçərək ala bilir.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar