Menu

“Bu, Rusiyanın iqtisadi problemlərini artırır” – “Bloomberg”

13.06.2023, 13:12
“Bu, Rusiyanın iqtisadi problemlərini artırır” – “Bloomberg”

“Vladimir Putinin Ukraynanı işğal etmək cəhdi Rusiyaya on milyardlarla dollara başa gəldi. Çünki sanksiyalar onun iqtisadiyyatına təzyiq göstərdi və dövlət gəlirləri kəskin şəkildə azaldı. Döyüşlər Rusiya ərazisinə keçdikcə Moskvanın iqtisadi problemləri daha da artacaq”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “Bloomberg” nəşrində yayımlanan məqalədə bildirilir.

Məqalədə qeyd olunur ki, Ukrayna ilə həmsərhəd regionlarda genişmiqyaslı münaqişənin baş verməsi Rusiyanın iqtisadi böyümə proqnozunu 2023-cü ildə 0,8%-ə qədər azalda bilər.

“Bloomberg” yazır ki, son vaxtlar Rusiyanın Belqorod vilayətində gərginliyin artması fonunda minlərlə insan bu ərazidən digər bölgələrə köçürülüb.

İqtisadçı və keçmiş hökumət rəsmisi Yevgeni Qontmaherə görə, müharibə zonasına yaxın ərazilərdə yaşayan hər kəs bu əraziləri tərk edir ya da ən azından bu haqda düşünür:“Bunlar uzunmüddətli nəticələrdir. Hətta müsbət irəliləyişlər olsa belə, insanların tez bir zamanda bu cür regionlara geri dönmə ehtimalı azdır”.

ABŞ nəşri qeyd edir ki, hazırda Rusiyanın 143 milyonluq ölkə əhalisinin onda biri sərhəd bölgələrində yaşayır. İlkin proqnozlara görə, bu bölgələrdə münaqişənin alovlanması üçüncü rübün əvvəlində Rusiyanın iqtisadi artımına təsir göstərməyə başlayacaq.

“Oxford Economic”s-in iqtisadçısı Tatyana Orlovanın fikrincə, müharibə Belqorod, Kursk və Bryansk vilayətlərinə yayılarsa, bu, Rusiyada məişət istehlakının 1,7%-ə qədər azalmasına səbəb ola bilər.

Moskva Dövlət Universitetinin Rusiya regionları üzrə mütəxəssisi Natalya Zubareviç isə bildirib ki, sərhədyanı rayonlarda artan iğtişaşlar fonunda insanların bu əraziləri tərk etməsi və infrastrukurun zərər görməsi səbəbindən yerli iqtisadiyyat zəifləyə bilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol