XİN: "Türkiyədə saxlanılan azərbaycanlılarla bağlı müvafiq təlimatlar vermişik"
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə İslam Dövlətinə qoşulmaq üçün Suriya ilə sərhəddi keçmək istədikləri iddia olunan Azərbaycan vətəndaşları ilə bağlı məsələni araşdırmaq üçün Türkiyədəki nümayəndəliyinə müvafiq təlimatlar verib.
“Türkiyənin dövlət qurumları ilə də məsələnin araşdırılması üçün təmaslar davam edir. Bu şəxslərin həqiqətən də Azərbaycan vətəndaşı olub-olmaması və Suriyaya hansı məqsədlə getdiyi araşdırmalar başa çatdıqdan sonra məlum olacaq”, - deyə XİN mətbuat katibi Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən isə məsələ ilə bağlı hər hansı şərh verilməyib və “ehtiyac yarandığı zaman açıqlama veriləcəyi” bildirilib.
Qeyd edək ki, çərşənbə günü 4 Azərbaycan vətəndaşının Türkiyədə həbs olunması xəbərini Azərbaycanın İstanbuldakı Baş konsulu təsdiqləyib.
Həsən Zeynalov BBC –yə bildirib ki, Türkiyə polisindən alınan məlumata əsasən, Türkiyənin cənubunda yaxalanan azərbaycanlılar arasında uşaq da olan eyni ailənin üzvləridir.
Onların sənədlərilə bağlı problem olmadığı üçün “biz işlə bilavasitə məşğul olmuruq”, amma polis konsulluğu bununla bağlı mütəmədi məlumatlandırır- deyə diplomat bildirib.
Baş konsul saxlanılan şəxslərin İstanbul hava limanından Azərbaycana göndəriləcəyini qeyd edib.
"Saxlanılan şəxslərin Suriyadakı təşkilatlarla əlaqəsi təsdiqlənibmi" sualına cavabında Həsən Zeynalov deyib ki, Azərbaycanda durumun "sabit olması və Suriyadakı vəziyyətin sabit olmadığı bəlli olduğu üçün bu şəxslərin Suriyaya terror təşkilatlarına qatılmaq niyyətləri birmənalıdılr”.
Baş konsul saxlanılan şəxslərin Azərbaycanda hüquqi məsuliyyətilə bağlı sualı cavablayarkən deyib ki, bu məsələlər “Azərbaycandakı araşdırmalardan sonra bilinəcək”.


Şərhlər