Dünən gecə Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinə növbəti dəfə raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib.
“AzPolitika.info” Dnepropetrovsk vilayəti administrasiyasının rəhbəri Sergey Lısaka istinadla xəbər verir ki, son 3 gündə ikinci dəfə baş verən hücum nəticəsində iki istehsalat müəssisəsi dağıdılıb, xeyli mülki obyektlər zərər görüb, habelə qaz kəməri qırılıb, bir nəfər mülki şəxs yaralanıb.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə Rusiyanın Krivoy Roq şəhərinə endirdiyi raket zərbəsi nəticəsində 12 nəfər həlak olub. Raketlərdən biri beşmərtəbəli yaşayış binasına düşüb.
Ukrayna Silahlı Qüvvələrinin yaydığı açıqlamada bildirib ki, cümə axşamı gecəsi hava hücumundan müdafiə qüvvələri Rusiyanın 21 pilotsuz təyyarəsini vurmağa nail olub. Ukrayna hərbçilərinin məlumatına görə, Rusiya hücum zamanı Xəzər dənizindən atılan dörd qanadlı raketdən istifadə edib. Onlardan biri vurulub, qalanları isə Dnepropetrovsk vilayətindəki sənaye obyektlərinə düşüb.
Ukrayna mətbuatı yazır ki, gecə saatlarında Odessa vilayəti və Xarkovda da partlayış səsləri eşidilib. Hava hücumu xəbərdarlığı, edilib, o cümlədən, Kiyevdə gecə ərzində bir neçə dəfə həyəcan verilib. Rusiya Müdafiə Nazirliyi yeni hava hücumu ilə bağlı şərh verməyib.
Rusiya tərəfindən ilhaq edilmiş Krımın rəhbəri Sergey Aksyonov isə iddia edib ki, gecə və səhər yarımadaya doqquz Ukrayna pilotsuz təyyarəsi hücum edib. Onun sözlərinə görə, altı pilotsuz uçan aparat hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, üçü isə elektron mübarizə vasitələri tərəfindən sıradan çıxarılıb. Dokuçaevo kəndinə bir pilotsuz təyyarə düşüb. Aksyonov bildirir ki, zərərçəkən yoxdur, bir neçə evin pəncərələri sınıb.
“AzPolitika.info”


Şərhlər