“Kiyevin başlatdığı əks- hücumdan sonra ölkənin bəzi bölgələrində son dərəcə şiddətli toqquşmalar baş verib”.
Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
Malyar Ukrayna qüvvələrinin şərqdə Baxmut ətrafında və Zaporojyedə irəlilədiyini , lakin Rusiyanın bəzi bölgələri çox möhkəm müdafiə etdiyini açıqlayıb.
O, əlavə edib ki, Ukrayna əsgərləri Baxmutda 200-500 metr, Zaporojedə isə 300-500 metr irəliləyiblər.
Ötən gecə Rusiya Ukraynanın bir çox şəhərlərinə raket və pilotsuz təyyarələrlə hücumlar təşkil edib. Ukrayna rəsmilərinin verdiyi məlumata görə, Odessa liman şəhərinə pilotsuz uçuş aparatları ilə edilən hücumlarda 3 nəfər həyatını itirib.
Rusiya Prezidenti Vladimir Putinin orduda raket və pilotsuz təyyarə çatışmazlığı ilə bağlı açıqlamasına baxmayaraq, son həftələrdə Rusiyanın Ukraynaya endirdiyi zərbələrin sayı artıb.
Ukrayna isə həftənin əvvəlində Rusiyanın əlində olan əraziləri geri almaq üçün əks-hücum əməliyyatına başladığını elan edib. Kiyev iddia edir ki, əks-hücum başlayandan bəri Ukrayna ordusu 7 yaşayış məntəqəsini və ən azı 90 kvadrat kilometr ərazini geri alıb.
Amma iki döyüşən tərəf bir-birinə zidd iddialar irəli sürür və cəbhədə həqiqəti qiymətləndirmək çətindir; Ukrayna irəlilədiyini, Rusiya isə hücumları dəf etdiyini iddia edir.
Qərb ekspertləri Kiyevə xəbərdarlıq edirlər ki, ruslar asanlıqla geri çəkilməyəcək və çox yaxşı müdafiə taktikasına malik olacaqlar. Bu səbəbdən əks-hücum Ukrayna üçün “baha” başa gələ bilər.

Şərhlər