Bəlli olduğu kimi, Ermənistan Azərbaycana qarşı növbəti təxribata başlayıb. Söhbət Naxçıvanla sərhəddə, Arazdəyəndə ABŞ investisiyası hesabına yeni metallurgiya zavodunun tikintisindən gedir.

Zavodun zəhərli kimyəvi tullantıları bölgəyə, xüsusilə Araz çayına ekoloji fəlakət vəd edir. İnvestisiya ABŞ-da fəaliyyət göstərən “CS Global Investments” (sahibi Hindistan əsilli Bobbi Kanqdır) və “Virtual Funding” (sahibi Ermənistan vətəndaşı Qriqor Ter-Qazaryandır) şirkətlərinə məxsusdur.

Bir neçə gün öncə Ermənistan tərəfi guya ərazidəki iki əcnəbi hindli işçinin Azərbaycan (Naxçıvan) tərəfdən açılan atəşlə yaralandığını iddia edib hay-küy qaldırdı, az qala Ermənistandan çox ABŞ-a güllə atıldığı qədər həyasızlığa getdi.

ABŞ-dan da bu yalana reaksiya verildi. İki gün öncə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller öz twitter hesabında bununla bağlı narahatlığını bildirdi: “Biz Ermənistanda ABŞ-a bağlı şirkətin iki mülki əməkdaşının Azərbaycan tərəfdən atəşə tutulması nəticəsində yaralanmasından dərin narahatıq. Biz sərhəd boyu təmkinli olmaq çağırışımızı bir daha təkrar edirik” .

Aydındır ki, İrəvan bu avantüraya ABŞ-ı da cəlb eləmək və onu Azərbaycana qarşı qoymaq istəyir. Birinci hədəf yəqin ki, bölgəyə, xüsusən Azərbaycanın ekologiyasına ciddi ziyan vuracaq bir zavodun inşasına ABŞ səviyyəsində zəmanət əldə etməkdir. İkincisi, sülh danışıqlarında özü üçün daha əlverişli duruma nail olmaqdır. Üçüncüsü isə Kərkinin qaytarılmasını əngəlləməkdir.

Asif Nərimanlı: "O zaman səbəb nədir?"

Asif Nərimanlı

Belə ki, analitik Asif Nərimanlıya görə, belə bir zavodun Arazdəyəndə inşa edilməsi məhz Ermənistanın Kərki ilə bağlı planlarından qaynaqlana bilər: “Bu, xüsusilə ankavların qaytarılması perspektivinin aktual olması fonunda diqqət çəkir. Anklavlarla bağlı məsələ müzakirə mərhələsindədir və burada iki variantın olduğu sirr deyil. 

Birinci variant danışıqlar yoludur: Ermənistan prosesi pozmaq üçün 1975-ci il xəritəsini ortaya atır, bununla SSRİ vaxtı ermənilərə verilən ərazilərə - Başkənd - iddiasını irəli sürür. Bakı buna qarşıdır və burada məsələnin danışıqlar yolu ilə həllinin çətinliyi önə çıxır. 

İkinci variant hərbi yoldur: bu, istisna deyil, rəsmi Bakı daha əvvəl məsələnin hərbçilər tərəfindən həll edilməsi variantının olduğuna dair xəbərdarlıq edib. Birinci variantı qəbul etməyən Ermənistan Arazdəyəndə zavod inşa etməklə ikinci variantın praktiki müstəvidə reallaşmasının qarşısını almağı planlaşdırır. Kərkinin hərbi yolla azad edilməsi variantında Arazdəyən bölgəsi keçid ərazisidir və bu bölgəyə ABŞ şirkətlərinin investisiya yatırması belə bir perspektivdə Vaşinqtonun prosesə müdaxiləsinə şərait yaradır. Beynəlxalq təcrübəyə əsasən xarici investisiyanın yatırıldığı bölgələrdə kapitalın məxsus olduğu ölkə gərginliyin əleyhinə olur. Burada İrəvanın niyyəti də Kərki kəndinin azad edilməsi perspektivinin önündə ABŞ investisiyasını qalxan olaraq istifadə etməkdir”.

Baydenin Kiyevə səfəri xüsusi mərhələnin başlanmasına işarədir”-Əziz  Əlibəyli

Əziz Əlibəyli

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli isə musavat. com-a Amerikanın prosesləri tamamilə əlində cəmləmək üçün iş başında olduğunu qeyd edib: “Burada konkret məqsəd var. O da Birləşmiş Ştatların maraqlarını müdafiə edən bir vəziyyət yaratmaqdır. Düşünmürəm ki, həqiqətən təkcə məqsəd zavod tikməkdir, yaxud da Azərbaycanla bağlı ümumi vəziyyəti dezavantaja çevirməkdir - ölkəmiz nöqteyi-nəzərindən. Amma gedən bütün proseslər göstərir ki, bu, əslində sülh danışıqları üzərindən təşəbbüsləri əlindən götürmüş Vaşinqtonun həmlələridir, nəinki Ermənistanın.

Nəticə etibarı ilə Amerika sülh danışıqlarını əlində saxlamaq üçün təşəbbüsləri əlində saxlamağa çalışır, son olaraq, tez-tez atəşkəsin pozulması da bunu deməyə əsas verir. Digər tərəfdən, bu, Azərbaycanın qarşısını alacaqmı, yaxud Azərbaycana görəmi gəlir faktı öz əksini tapmaz. Çünki separatçı rejimlə bağlı Amerikadan verilmiş açıqlama kifayət qədər rahat şəkildə göstərdi ki, bu gedişat anti-Azərbaycan formulu yaratmağa hesablanmır. Bunu Ermənistandan hansı qüvvələr istəsə belə, bu belə deyil. Gələcək üçün Azərbaycanın bölgədə möhkəmlənməsi də ABŞ-ın milli maraqlarına zidd deyil. Ən azından İran faktoruna görə bu belədir. Sırf Kərki məsələsi üzərində Ermənistanın hansısa bir marağı ola bilər. Amma bu heç bir halda Amerikanın marağı deyil. Burada əsas məsələ sülh danışıqlarını ABŞ-ın nəzarətinə keçirmək cəhdidir".