“Rusiya Sovet İttifaqını dirçəltməyə və Ukraynadakı qanunsuz müharibəsinə görə beynəlxalq sanksiyalarla üzləşdiyi bir vaxtda Ermənistanın ona Qərb sanksiyalarından yan keçməyə kömək göstərməsini təmin etməklə İrəvanı öz təsir dairəsində saxlamağa cəhd göstərir. ABŞ və Avropa İttifaqı isə Rusiyanın Qafqaz bölgəsində son illərdə, xüsusən də sözügedən ölkənin öz sülhməramlılarının regiona gətirməsindən sonra davam edən mənfur təsirinə son qoymağa çalışır”.
Bu barədə İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara ölkəsinin geniş oxucu kütləsinə malik “Times of İsrael” nəşrində dərc olunmuş “Moskvanın danışıqlar masası arxasında mənfur rolu” sərlövhəli məqaləsində bildirib.
Məqalədə qeyd olunub ki, son günlər ABŞ, Avropa İttifaqı və Rusiya Ermənistanla Azərbaycan arasında sülh sazişi üzrə danışıqlarda kimin uğur qazana biləcəyini görmək üçün bir-biri ilə rəqabət aparır. Hər üç qüvvə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra öz maraqlarına riayət olunmasını təmin etmək üçün danışıqlar masası arxasında əyləşməyə can atır. Bu səbəbdən Vaşinqton, Brüssel və Moskva arasında danışıqlar məzmun etibarilə dəyişməkdə davam edir və danışıqların heç bir istiqaməti sabit qalmır. Hər bir halda həm ABŞ, həm də Avropa İttifaqı Ermənistan və Azərbaycanın öz aralarında sülh bağlamasını, Moskvanın isə çantasını yığıb evinə dönməsini istəyir.
Eyni zamanda qeyd olunub ki, rusların fikrincə, Avropa İttifaqı Ermənistanda mövcudluğunu gücləndirmək və Rusiyanı Qafqazdan kənarlaşdırmaq üçün bu ölkənin Azərbaycanla sərhədə yaxın Qafan, İcevan və Yeğeqnadzor şəhərlərində üç “qovşaq” açıb. Keçmişdə ATƏT-in Minsk Qrupunun təşkil etdiyi sülh danışıqları heç bir nəticə verməyib və Azərbaycanla Ermənistan arasında sülh razılaşmasına gətirib çıxarmayıb. Bu mənada Avropa İttifaqı adından cari sülh danışıqlarına fransızların deyil, belçikalıların rəhbərlik etməsi daha doğru yanaşmadır, yəni fransızların keçmişdə istifadə etdikləri fromat çərçivəsində iki tərəfi bir-biri ilə razılaşmağa məcbur etmirlər. Bununla belə, Moskva Avropa İttifaqının sülh prosesindəki rolunu pisləyir, çünki proseslərə öz təsir gücünü qorumağa çalışır.
Sabiq nazirin qənaətincə, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın vasitəçiliyi ilə Moskvada keçirilən danışıqlarda sülh müqabilində Azərbaycanın Qarabağla bağlı iddialarını tanımağa hazır olduğunu bəyan etməsinə və azərbaycanlıların bu danışıqlardan sonra ehtiyatlı nikbinlik nümayiş etdirməsinə baxmayaraq, prosesin yaxın vaxtlarda yekunlaşması sual doğurur. Rusiyanın sülh prosesindəki rolu ilə bağlı bütün gərginliyə baxmayaraq, Ermənistanın baş nazirinin öz parlamentində Bakını günahlandırması ilə son günlər vəziyyətin daha da pisləşməsi təəccüblü deyil. Ermənistan tərərəfinə xas olan və dəfələrlə nümaiyş etdirilən bu davranışa istinadən israilli politoloq düşünür ki, kənardan müdaxilə olmadan barışmaq hər iki tərəfin öz ixtiyarına buraxılsaydı, sülh razılaşmasının şansı heç də böyük olmazdı.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://blogs.timesofisrael.com/moscows-nefarious-role-at-the-negotiating-table/


Şərhlər