Menu

Ukrayna Çonqar körpüsünü nəylə vurub? – “Bu, “Storm Shadow” deyil...”

22.06.2023, 17:01
Ukrayna Çonqar körpüsünü nəylə vurub? – “Bu, “Storm Shadow” deyil...”

Məlum olduğu kimi, Ukrayna Krım yarımadasını Xerson vilayəti ilə birləşdirən ən qısa yolun keçdiyi Çonqar körpüsünə zərbə endirib. Nəticədə körpü zədələnib və onun üzəində hərəkət dayandırılıb.

Xerson vilayətinin işğalçı administrasiyası körpünün Ukraynanın Böyük Britaniyadan aldığı “Storm Shadow” raketi ilə vurduğunu iddia edib. Lakin hərbi ekspertlər bu iddiaya şübhə ilə yanaşırlar.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna mətbuatına açıqlama verən hərbi-siyasi ekspert Aleksandr Kovalenko Çonqar körpüsünə vurulan zərbənin xəbərdarlıq xarakteri daşıdığını deyib və bildirib ki, körpü “Storm Shadow” vasitəsilə vurulmayıb.

Ekspert xatırladıb ki, Britaniya raketinin döyüş başlığının çəkisi 450 kiloqramdır: “”“Storm Shadow”-la vurulsaydı, Çonqar körpüsü faktiki olaraq, darmadağın olardı”. Bununla belə, Kovalenko körpünün nəylə vurulduğunu açıqlamayıb.

Qeyd edək ki, Ukraynanın ixtiyarında “HİMARS” sistemləri də var. Lakin onların raketlərinin uçuş məsafəsi 80 kilometrdir. Cəbhə xəttindən Çonqar körpüsünə qədər olan məsafə isə bundan az qala iki dəfə çoxdur. Belə olan halda, körpünün “HİMARS”-la vurulması mümkünsüzdür. Buna görə də Çonqar körpüsünün nəylə vurulduğu sualı açıq qalır və onun raket zərbəsi deyil, diversiya aktı nəticəsində partladılması ehtimalı ortaya çıxır. Ukrayna Hərbi Kəşfiyyatın sözçüsü Andrey Yusov da buna eyham vurub: “İş gedir və davam edəcək. Bu, müdafiə qüvvələrinin, Ukraynanın qanuni hakimiyyətinin qayıtmasını gözləyən yerli müqavimət hərəkatının və əhalinin planlı işidir. Yalnız onu deyə bilərəm ki, davamı gələcək”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol