Moskva Şəhər Məhkəməsi casusluqda təqsirləndirilən “Wall Street Journal” (WSJ) qəzetinin əməkdaşı Evan Qerşkoviçin həbs-qətimkan tədbirindən verilən apellyasiya şikayətini rədd edib. O, avqustun sonuna kimi həbsdə qalacaq.
Məhkəmə iclasına ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi və digər xarici diplomatik missiyaların nümayəndələri gəlib. Gerşkoviç işinə qapalı iclasda baxılsa da, diplomatlara görüşə icazə verilib.
Treysi məhkəmə iclasından sonra yenidən amerikalı jurnalistin əsassız həbs olunduğunu bəyan edib və Rusiya hakimiyyətini onu dərhal azad etməyə çağırıb.
WSJ-nin jurnalisti Evan Qerşkoviç martın 29-da Yekaterinburqda saxlanılıb, ertəsi gün Moskva məhkəməsi onu Lefortovo istintaq təcridxanasına göndərib. FSB iddia edir ki, Gerşkoviç ABŞ-ın sifarişi ilə hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında məxfi məlumatlar toplayıb.
Gerşkoviç özünü təqsirli bilməyib. “The Wall Street Journal” casusluq iddialarını kəskin şəkildə rədd edib və jurnalistin öz işini gördüyünü bildirib. Jurnalist Yekaterinburq sakinləri ilə “PMC Vaqner”in Ukraynada verdiyi itkilərə münasibəti ilə bağlı müsahibələr aparıb.
ABŞ Dövlət Departamenti jurnalist Evan Qerşkoviçin Rusiya tərəfindən qanunsuz olaraq həbs edildiyini açıqlayıb. Bu status girovun statusuna bərabərdir və Vaşinqtona onun azadlığa buraxılması üçün əlavə mexanizmlərdən istifadə etməyə imkan verir. Xüsusən Amerika vətəndaşının dəyişdirilməsi ilə bağlı Rusiya ilə danışıqlar apara bilər.
“AzPolitika.info”


Şərhlər