Son günlər Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən sianid tərkibli süni gölün zərərli olub-olmamasıyla bağlı geniş müzakirələr gedir. Rəsmi qurumlar gölün insan həyatı üçün təhlükəli olmadığını bildirsələr də, yerli sakinlər bu fikirlə razılaşmırlar. Sakinlər kənddə qurulan süni gölün müxtəlif xəstəliklərə səbəb olduğunu bildirirlər. Onlar iddia edirlər ki, sözügedən göl qurulandan sonra kənd sakinləri arasında xərçəng xəstəliyinə yoluxanların sayı artıb, eləcə də təbiətə böyük ziyan dəyib.

Söyüdlü sakinləri ilə görüşən Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçısı Orxan Mürsəlov bildirib ki, gölün suyunun zəhərli olub-olmaması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib: “Bu məsələyə mütəxəssislər rəy verə bilər, müvafiq nümunələr götürülərək yoxlanılacaq. Biz də aidiyyəti qurumlara bununla bağlı müraciət etmişik, məsələ qaldırmışıq ki, gölün suyunun tərkibi yoxlanılsın”.

İcra başçısı Söyüdlü kəndində xərçəng xəstəliyinin kütləvi yayılması, uşaqların əlil doğulması kimi məlumatların həqiqətə uyğun olmadığını bildirib.

Qeyd edək ki, iyunun 21-də Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə komissiya yaradılıb.

“AzPolitika.info” mövzunun aktuallığını nəzərə alaraq, səsləndirilən fikirlər, eləcə də sianid mənşəli süni göllə bağlı kiçik bir araşdırma aparıb.

Öncə onu qeyd edək ki, süni göl dedikə söhbət Söyüdlü kəndinin yaxınlığında yerləşən qızıl mədəni üçün yaradılan sianid tullantı anbarından gedir. Bu anbar 2009-cu ildə Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining” şirkəti tərəfindən tikilib. Sözügedən anbar Söyüdlü kəndinin mərkəzindən 1-2 kilometr, ən yaxın evlərdən isə 300-400 metr məsafədə yerləşir. Anbar preslənmiş daş bənddən tikilib. Bəndin içi sukeçirməz menbranla örtülüb. “Anglo Asian Mining” şirkətinin rəsmi saytında qeyd edilib ki, anbar 2023-cü ilin sonuna qədər maksimum tutumuna çatacaq. Bunun üçün də ərazidə ikinci süni gölün yaradılmasına ehtiyac var. Ancaq yerli sakinlər həmin ərazidə ikinci gölün tikilməsini istəmədikləri üçün bununla bağlı rəsmi qurumlardan icazə alına bilməyib. 

Sianid nədir?

Sianid təbii halda az miqdarda (<0.05 qr/l) suda və bəzi bitki toxumlarında rast gəlinən maddə hesab olunur. Sianidə alma, armud, gilas kimi meyvələrin toxumlarında da rast gəlinir. Ekspertlər hesab edirlər ki, eyni anda 150 ədəd alma toxumu yemək sianid zəhərlənməsi üçün kifayət edir. Sianid istehlak olunarkən bədəndəki hidrogenlə qarışaraq Sianid Turşusu (Hidrogen Sionid, HCN) əmələ gətirir. Onun ölümcül dozada olması üçün 1-3 mq qədər istehlak edilməlidir. Bu gün qızıl mədənlərində qlobal təcrübədə 0.01-0.05 % diapozonunda Natrium Sianid (Sianid duzu) məhlulundan istifadə olunur. Bu, təhlükəli üsul olduğundan hətta bu maddənin istifadəsini azaltmağı öhdəsinə götürmüş mədənlərin könüllü qoşulduğu “International Cyanide Management Code” birliyi də yaradılıb. Hazırda Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Argentinanın bəzi bölgələri və ABŞ-ın Montana ştatında yerləşən qızıl mədənlərində sianid göllərinin istifadəsi qadağan edilib.

Bu mövzuyla bağlı Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev “AzPolitika.info”-ya şərhində bildirib ki, yataqdan çıxarılan qızılı digər birləşmələrdən ayırmaq üçün sianid maddəsindən istifadə olunur: “Əvvəlcə qızıl torpaqdan ayrılır. Daha sonra isə onu digər birləşmələrdən - məsələn, gümüşdən və ya sinkdən ayırmaq üçün sianid məhlulu ilə yuyurlar. Təbii ki, bu prosesin baş tutması üçün süni göl hövzəsi olmalıdır. Bunun üçün də yer qazılır, hamarlanır və süni bir göl yaradırlar. Gölün torpaq qatının üzərindən təxminən 5-6 millimetrlik şəffaf plyonka çəkirlər ki, sianid torpağa qarışmasın. Bu, qızılın “qazan emalı” adlanır. Bu üsulla 90 faizə qədər təmiz qızıl almaq olur. Buradan çıxarılan qızıl daha sonra İsveçrəyə aparılır və orada sonuncu variantı emal olunur”.

Ə.Əliyev qeyd edir ki, sianid 25-30 dərəcə temperaturda buxarlandığından, əraziyə pis qoxu yayılma ehtimalı var: “Mən özüm 2016-cı ildə Gədəbəy rayonunun Quldurlu kəndində tədqiqat aparan zaman bunun şahidi olmuşam. Həqiqətən də ətrafda kəskin qoxu hiss olunurdu. Sianid özü də insanı ən sürətli öldürən maddələrdən hesab olunur. Keçmişdə nasistlər və kəşfiyyatçılar intihar üçün bu maddəni üzərlərində daşıyardılar. İndi deyirlər ki, Gədəbəy-Şəmkir istiqamətində yeni yataqlar kəşf olunub və buradakı qızılı emal etmək üçün yeni bir gölə ehtiyac var. Düşünürəm ki, ikinci gölün inşası artıq kənd camaatına qarşı insafsızlıq olardı. Digər tərəfdən, Gədəbəy aktiv zəlzələ zonasında yerləşir. Apardığım tədqiqatlar əsasında deyə bilərəm ki, ərazidə 3-4 ballıq zəlzələ olsa, həmin göldəki plyonka qatı dağılacaq və ekoloji fəlakət baş verəcək. Mən təklif edirəm ki, gəlin elə bu köhnə göldən istifadə edək. Həmin göl təmizlənsin və yenidən istifadəyə verilsin”.

Ə.Əliyev həmçinin əlavə edib ki, sözügedən ərazidə ümumilikdə kənd sakinlərinin 1200 hektarlıq örüş sahəsi tutulub ki, bunun da 67 hektarını gölün ərazisi təşkil edir.

Məlumat üçün qeyd edək ki, 2000-ci ildə Rumıniyada qızıl mədənlərindən birinin (Baia Mare) sianid gölü qarşısında 2 bənd olmağına baxmayaraq yağan qar ucbatından daşqın baş vermiş, göldəki sianid Tisa və Dunay çaylarına qarışmış və nəticədə minlərlə canlı məhv olmuşdu. Bu hadisə Çernobldan sonra Avropada ikinci ən böyük qəza hesab olunur. Hətta qəza yerindən 2000 km uzaqdakı suda belə normadan çox miqdarda sianid aşkarlanmış, təkcə Macarıstanda 1000 tondan çox ölü balıq, yüzlərlə ölü quş, tülkü, samur aşkarlanmışdı. Həmçinin, suda arsen, qurğuşun, mis, dəmir, sink kimi ağır metalların miqdarı artmışdı. Ekoloqlar bu qəzanın hələ də ətraf mühitə təsir etdiyini düşünürlər.

“Rüzgar” Ekoloji İctimai Birliyinin sədri, professor İslam Mustafayev “AzPolitika.info”-ya şərhində bildirib ki, bütün dünyada qızıl bu formada istehsal olunur: “Gədəbəydəki texnologiyadan xəbərdaram. Bu texnologiya dünyanın ən qabaqcıl ölkələrində - Avstriyada, Almaniyada eləcə də qardaş Türkiyədə “Ağ dəniz” sahilində tətbiq edilib. Sianid bu göldə duruldulur və havada parçalanır. Bu ziyanlı deyil. Düşünürəm ki, oradakı kəndlilər daha çox örüş sahələrinin tutulmasından gileylənirlər”

“Əlbəttə, sianidi götürüb, birbaşa kiməsə tətbiq etsən ziyanı olacaq. Ancaq bir alim kimi deyə bilərəm ki, Gədəbəydə dünyanın ən qabaqcıl texnologiyası tətbiq olunub. Mənim iki tələbəm də orada əməyin mühafizəsi üzrə mütəxəssis kimi çalışırlar. Orada problemli nəsə görmürəm”, - deyə professor qeyd edib.

Ekoloq Telman Zeynalov isə “AzPolitika.info”-ya şərhində bildirib ki, insan sianidlə birbaşa təmasda olmasa belə, bundan ziyan görə bilər: “Sianid zəhərli maddədir. Bu, suya, havaya qarışırsa və mən də sudan içib, hava ilə nəfəs alıramsa, deməli ziyanını görürəm. Moskvada bu cür sianid zəhərlənməsindən yüzlərlə insan dünyasını dəyişib. Bu, birbaşa insan üçün ziyanlı bir maddədir. Bunun üçün sianidlə təmasda olmağa ehtiyac yoxdur. Düşünürəm ki, həmin ərazidə xərçəng xəstələrinin sayının artması da buna bir işarədir. Heç kəs deyə bilməz ki, bu maddənin insanlara ziyanı ola bilməz”.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında isə bildirilir ki, sianid buxar formasında tənəffüs edildikdə daha təhlükəli olur. Belə ki, tənəffüs zamanı havadakı sianidin miqdarı 120–150 mq/m3 çatdıqda 20-60 dəqiqə ərzində, 300 mq/m3-a çatdıqda isə ani ölüm baş verir. Sianidin insan bədənində ən çox neqativ təsir etdiyi orqan isə beyindir. Bu maddənin əlavə olaraq ürək-damar, qaraciyər, ağciyər, tiroid toksikliyi kimi xəstəliklərə də səbəb olduğu bildirilir.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda hazırlanmışdır.