Menu

Avropa İttifaqı Rusiyaya 11-ci sanksiya paketini elan etdi – Üçüncü ölkələr də hədəfə alınıb

23.06.2023, 17:04
Avropa İttifaqı Rusiyaya 11-ci sanksiya paketini elan etdi – Üçüncü ölkələr də hədəfə alınıb

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 11-ci sanksiyalar paketi qüvvəyə minib.

“AzPolitika.info” xəbər verir ki, məhdudiyyətlər iyunun 21-də Aİ-nin Brüsseldəki Daimi Nümayəndələri tərəfindən razılaşdırılıb.

Yeni sanksiyalara Rusiya neftinin “Drujba” neft kəmərinin şimal qolu ilə nəqlinə qadağa nəzərdə tutur, Rusiya yük avtomobillərinin Aİ-yə girişinə məhdudiyyət qoyur, həmçinin əvvəllər tətbiq edilmiş sanksiyalardan yayınmağa yönəlmiş bir sıra tədbirləri, xüsusən üçüncü ölkələr vasitəsi ilə Rusiyaya ixracı məhdudlaşdırmağı hədəfləyib. Sanksiyalar ukraynalı uşaqların qanunsuz deportasiyasına görə məsuliyyət daşıyan 70 nəfərə və mövcud sanksiyalardan yayınan 30 hüquqi şəxsə şamil ediləcək. Bundan başqa, İranın pilotsuz təyyarələrinin satışı ilə məşğul olan üçüncü ölkələrin şirkətləri də daxil olmaqla, hərbi-sənaye kompleksinin daha 87 müəssisəsi sanksiyalar siyahısına əlavə edilib.

Avropa diplomatiyasının rəhbəri Josep Borrell deyib: "Bugünkü paket Rusiyaya təzyiqimizi artırır. Sanksiyalardan yayınma ilə mübarizə aparmaqla biz Rusiyanı Ukraynaya qarşı qeyri-qanuni müharibə aparmaq üçün ən çox ehtiyac duyduğu resurslardan daha da məhrum edirik".

Estoniya Xarici İşlər Nazirliyi Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin qüvvəyə mindiyini ilk elan edib. Nazir Marqus Tsaxkna qeyd edib ki, Estoniyanın təklifi ilə Avropa İttifaqı Rusiyaya avtomobillərin ixracına məhdudiyyətləri sərtləşdirmək qərarına gəlib. Rusiyaya pnevmatik və qaz silahlarının ixracı da qadağandır. Neftin qiymətinin tavan qaydalarını pozan və ya avtomatik mövqe identifikasiyası sistemini söndürən gəmilərin Avropa İttifaqı limanlarına daxil olması qadağan edilir. Estoniyanın təklifi ilə Finlandiya körfəzinin limanlarına giriş qadağası limanların yurisdiksiyasından kənarda yerləşən lövbərlərə də şamil edilib.

Paket ilk dəfə olaraq sanksiyalara məruz qalan malların Rusiyaya daxil olduğu üçüncü ölkələrə ixrac qadağasının genişləndirilməsi imkanını özündə əks etdirir. Bu, ilk növbədə, həssas ikili təyinatlı malların və müdafiə sənayesi və aviasiyaya aid bəzi malların ixracını qadağan etməyə imkan verir.

Litva prezidenti Gitanas Nauseda isə müttəfiqləri 12-ci paket üzərində işə başlamağı və “Rosatom”a qarşı sanksiyaları bu paketə daxil etməyə çağırıb.

Xatırladaq ki, Aİ-nin Rusiyaya qarşı 10-cu sanksiya paketi fevralın sonunda qəbul edilib. Bununla “Alfa-Bank”, “Rosbank” və “Tinkoff-Bank” məhdudiyyətlər altına düşdü. Ümumilikdə, sanksiyalar 87 fiziki və 34 hüquqi şəxsə şamil edilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol