“Putin şərəfli heç-heçə istəyir, amma heç kim buna razı deyil...”
Tanınmış rusiyalı politoloq Andrey Piontkovski Yevgeni Priqojinin başlatdığı hərbi qiyamın məqsədləri barədə maraqlı fikirlər səsləndirib.
“AzPolitika.info” xəbər verir ki, “Espresso” kanalına açıqlama verən Piontkovski əksər ekspertlərin Priqojinin gerçək məqsədlərini doğru anlamadığını deyib.
Politoloqun fikrincə, Priqojinin yekun məqsədi Rusiya elitalarını çox pis vəziyyətdə qoyan Ukraynadakı işğalçılıq müharibəsinə son qoyulması üçün Rusiya qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasına nail olmaqdır: “Priqojin iki gündür ki, isterikada vurnuxur. O, əlamətdar sözlər dedi. Dedi ki, bu cür davam etsə, müharibəni dayandırmaq və əraziləri vermək lazım gələcək. Çünki başqa cür müharibəni dayandırmaq mümkün deyil. Bu, dəqiq frazadır – Priqojinin dediyi kimi, bütün əraziləri təhvil vermək lazımdır, yoxsa bunu dayandırmaq mümkün olmayacaq, onları bu müharibədə sadəcə, öldürəcəklər, məhv edəcəklər”.

Piontkovski hesab edir ki, bununla da Priqojin Rusiyadakı ultramillətçiləri, “Z-vətənpərvərləri” qaçılmaz məğlubiyyətə və kapitulyasiyaya hazırlayır: “Ekspertlərin çoxu şəxsən Priqojini düz başa düşmürlər. Çoxları onu sülh partiyasına, həmçinin Putinə qarşı duran müharibə şahini kimi görürlər. Əslində, Putin doğrudan da şərəfli heç-heçə istəyir. Ancaq Priqojinin tapşırığı başqadır. Priqojin onu qəhrəman kimi qəbul edən bütün bu “Z sürüsü”nü qaçılmaz məğlubiyyət və kapitulyasiya ideyasına hazırlayır. O, bunu çox aktiv şəkildə, repressiyalardan qorxmadan edir. Çünki Priqojin Rusiya rəhbərliyindəki çox ciddi qrupun qabağa verdiyi şəxsdir. Hansı ki, həmin bu qrup Putinin “şərəfli heç-heçə” təklifinə heç kimin – nə Qərbin, nə də Ukraynanın getməyəcəyini anlayır. Onların Rusiyada öz hakimiyyətlərini və mülkiyyətlərini saxlamağın yeganə yolu idarə olunan kapitulyasiyanı təşkil etməkdir. Priqojin isə bu formulanı ilk dəfə səsləndirib - əraziləri tərk etməklə müharibəni dayandırmaq, çünki başqa cür onu dayandırmaq mümkün olmayacaq”.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Yəni sabah və ya üç gün sonra Putin çıxıb desə ki,Rusiyada vətəndaş müharibəsinin qarşısını almaq üçün Ukraynadakı müharibəni dayandırırıq,hətta Donbasdan və Krımdan geri çəkilirik, heç kim təəccüblənməsin.Məsələ bundadır ki,Priqojin Putinin “kadr”ıdır və işlərin bu həddə gətirilməsi Putinin özünün işidir və marağındadır.Başqa cür müharibəni saxlasa imicini və kreslosunu itirmiş olardı,çünki rus generaliteti onu bağışlamazdı və kreslosundan qiyam edib aşırardı.Priqojin isə 37-ci ildəki Ruhulla Axundovun günündə olacaq. Bağırov əvvəlcə ondan istifadə edib özünə qarşı olanları üzə çıxararaq xalq düşməni kimi tutdurdu, amma onların özündəncə Ruhullaya qarşı ifadələr alaraq cinayət işini Stalinin qarşısına qoydu ki,Ruhulla həbs edilməlidir,çünki bütün o həbs edilənlər ona qarşı ifadə veriblər ki,əksinqilabi təşkilatın rəhbəri odur.Əlbəttə,əgər Priqojin məhv edilməsə döyüş zamanı.Bu əslində Putinə çox daha yarayır,çünki Karranti demiş,”şahid olmasa yaxşıdır”. Və ya ölülər danışa bilməz.Yəni onu tutsalar da, Kirovu Stalinin əmrilə öldürən killeri milislər tramvay yolunu keçərkən öldürdükləri kimi deyəcəklər “qaçmaq istədi,biz də məcbur olduq vurduq”.Və heç kim də deməyəcək “qaçarkən siz də qaçıb tutammadınızmı?”Çünki kim bunu desə onun özünü də “qaçarkən” vurub öldürə bilərlər.
Öz aralarında qurduqları oyuna da oxşayır. Bəlkə də geri çəkilmək istəyirlər,yol axtarırlar və hamısı bir yerdə bu yolu oyunu seçiblər