Menu

Ermənistan parlamentinin “müharibə komissiyası” hansı məqamları üzə çıxardı? – TƏHLİL

29.06.2023, 00:03
Ermənistan parlamentinin “müharibə komissiyası” hansı məqamları üzə çıxardı? – TƏHLİL

İyunun 27-də Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə 44 günlük müharibənin şərtləri ilə bağlı yaradılmış komissiyanın iclasında iştirak etdi, sualları cavablandırdı. 

Onun cavab və açıqlamaları gün ərzində istər Azərbaycan, istərsə də Ermənistan mətbuatının gündəmində əsas müzakirə mövzularından oldu. Təbii ki, onun bütün açıqlamalarını bir yazıda toplamaq yorucu olar, lakin əsas tezislərə baxa bilərik:

- “Məndən əvvəlki hakimiyyətlər Ermənistanı dərin iqtisadi böhrana salıb, korrupsiya dövlətin bütün strukturlarına, o cümlədən, orduya siraət edib. Mənim isə bunları düzəltmək üçün zamanım az olub” – bir neçə açıqlamanın ümumiləşmiş tezislərindən biri kimi onun dilindən bu fikri yaza bilərik.

- “Ermənistan 1994-cü ildəki atəşkəsdən sonra iqtisadi tənəzzülə uğrayıb, Azərbaycan isə inkişaf edib, əhalisinin sayı artıb və iqtisadi inkişaf ona yeni ordu formalaşdırmağa, yeni silahlar almağa yardımçı olub” – bu da yuxarıdakına bənzəyən daha bir ümumiləşmiş tezis. Daha doğrusu, “mənim vaxtım az olub, mənim günahım yoxdur” tipində daha bir fikir.

- “Hərbçilər məni devirmək istəyirdi”, “Qarabağdan gələn məlumatları Baş Qərargahda təkzib edirdilər”, “Ordudan yayınanlar, postunu tərk edənlərin sayı 12 mindən çox idi”, “Yüksək rütbəli zabitlər bunkerdə oturub, ayrı-ayrı yaşayış məntəqələrinin boşaldılması əmrini verirdilər” və s. – bu fikirlərlə ona görə razılaşmaq olar ki, son illərə qədər Azərbaycan ordusu da Rusiya amilinin təsiri altında idi, Ermənistan ordusu isə hələ də Rusiyanın nüfuz dairəsindədir. Digər tərəfdən, Qarabağ klanı və müharibədən sonra oliqarxa çevrilən generallar ordunun “başını buraxmışdı”. Müharibə zamanı ordumuz tərəfindən azad edilmiş ərazilərdə külli miqdarda narkotik anbarlarının aşkar edilməsi və bu anbarların bir çoxunun birbaşa hərbi hissələrdə olması onu deməyə əsas verir ki, Ermənistan ordusu son illərdə mafiya sistemi ilə idarə olunub.

Lakin Paşinyanın apardığı bütün kadr islahatlarına rəğmən hələ də bu mövzuda uzun-uzun danışması və ordudakı boşluqları belə açıq şəkildə vurğulaması, onun cəmiyyətdə yeni və daha köklü dəyişikliklər üçün zəmin hazırlamasından xəbər verir.

Bu iclası “növbəti mətbuat konfransı” adlandıranlar heç də haqsız deyil. Yəni, Paşinyan cəmiyyəti ona hazırlayır ki, tezliklə, Ermənistan ordusunda yeni kəllələr də gedəcək və getməlidir. Əks təqdirdə, döyüş qabiliyyətli bir ordu yaratmaq mümkün olmayacaq. Digər tərəfdən, xalq anlamalıdır ki, hökumət orduda ikitirəlik və korrupsiyanı aradan qaldırmaq, hakimiyyəti mərkəzləşdirmək üçün sərt addımlar atmağa məcburdur...

“Müharibə zamanı bir sıra silahların istifadə hüququ tam olaraq Ermənistana aid deyildi” – açıqlaması ilə yanaşı, Paşinyanın “İskəndər-M” raketlərindən istifadə ilə bağlı suala cavab verməkdən yayınması və bunu “qapalı iclas” üçün saxlaması hələ də onun nələrdənsə və kimlərdənsə ehtiyatlanması anlamına gəlir. Ya Paşinyan bir sıra göstərişlərin – Gəncə və Bərdənin bombalanması, Bakı və Şuşaya raketlərin atılması da daxil olmaqda hərbi cinayətlərin arxasında başqa şəxslərin durmasına eyham edir... Ya da, ruslar demişkən, “okrestilsya”, yəni, özünün də tələsik olaraq verdiyi qərarların imicinə və danışıqlar prosesinə zərbə vuracağını anlayır, ona görə də açıq danışmaq istəmir.

- “Mən hakimiyyətə gələndə artıq danışıqlarda baza prinsiplər müəyyən olunmuşdu və mən ya köklü güzəştlərə getməliydim (Qarabağı Azərbaycan ərazisi kimi tanımaq, 7 rayonun qayıtması, delimitasiya və demarkasiya, qaçqın və məcburi köçkünlərin evlərinə qayıtması – red.), ya da Azərbaycan istədiyini müharibə ilə alacaqdı. Bəlkə də, Qarabağın Azərbaycandan ayrılmasından imtina etsəydik, müharibənin olmaması üçün nəzəri imkan yaranardı”- bu tezisi şərh edərkən, yenə də “vaxtım az olub” bəhanəsi yada düşür, lakin Azərbaycan Prezidentinin “Paşinyan məndən 2 il vaxt istədi” deməsi də burda yada düşür.

Bəlkə də, Paşinyan danışıqları bir qədər də uzada bilərdi, tədricən sülhə meyilli ritorika ilə həm cəmiyyətdə, həm də danışıqlar masasında müəyyən “bonus”lar əldə edərdi. Əvəzində biz nə gördük? Sən demə, aranı ən çox qızışdıran da elə Paşinyanın özü imiş.

Azərbaycan Prezidentindən möhlət aldıqdan sonra, Paşinyan “Qarabağ Ermənistandır” deməklə, Şuşada yallı getməklə, sanki uzun illər davam edən işğalı fakt olaraq həm Azərbaycana, həm də dünyaya qəbul etdirmək istədi. Nəticə məlumdur – deməli, Paşinyanın zamanı da olub, imkanı da. Sadəcə olaraq, Azərbaycanın cəsarətli addım atacağına ehtimal vermirdi.

Paşinyan müharibədən sonra da bir ara “iki erməni dövləti”ndən danışırdı. Görünür ki, populizm Ermənistan Baş nazirinin xarakterindədir. Son zamanlar Paşinyan populizmin dozasını bir qədər azaltsa da, fürsət düşdükdə “köhnə Nikol”un geri qayıdacağına qəti şübhə yoxdur.

Paşinyanın Rusiya ilə və KTMT ilə intriqaları da məlumdur və bu intriqaların nəticəsində Ermənistanın cəbhədə tək qalmasını deyənlər də hazırda Paşinyana qarşı əsas arqument kimi bunu istifadə edir. Əlbəttə, bu yazıda kimin haqlı və kimin haqsız olduğunu şərh etməyəcəyik. Lakin ümumiləşmiş tezisləri təhlil etdikdə, Paşinyanın Rusiyadan uzaqlaşmaqda və Rusiyayameyilli elementləri zərərsizləşdirmətdə hələ də niyyətli olduğunu anlamaq çətin deyil.

Xüsusilə də, Azərbaycan və Ermənistan XİN başçılarının ABŞ-da görüşdüyü bir zamanda Paşinyanın həm “mənlik deyil”, həm də “məndən möhkəm yapışın” tipində ritorikası cəmiyyəti yeniliklərə hazırlamaq üçün bir cəhd kimi qəbul edilə bilər.

Beləliklə, bu iclasda bir sıra məqamlar, boşluqlar üzə çıxdı - daha doğrusu, çoxumuzun bildiyi bəzi faktlar təsdiqləndi. Bir fakt da təsdiqləndi ki, Ermənistanın siyasi ictimaiyyəti hələ yetərincə obyektiv müzakirə aparmağa hazır deyil və “linçlənmək” qorxusu erməni siyasətçilərin canından uzun illər çıxmayacaq.

Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətlərlə bağlı nüanslar hələ də sual altında, qaranlıqda qalmış oldu. Bu “qaranlığın” da əsas səbəbini məhz Ermənistanın siyasi elitasında axtarmaq lazımdır. Bu istiqamətdə Paşinyana konkret və cəsarətli sual verən olmadı. Heç özü də bu barədə danışmadı.

Komissiyanın yaradılmasında və fəaliyyətində də əsas prinsipial sual budur: “Bizə nə oldu?” – “Başqalarına nə etdik?” sualı kimsəni maraqlandırmır.

Çünki Ermənistan siyasətçiləri hələ psixoloji olaraq, hərbi cinayətləri, xüsusilə də qonşu xalqlara qarşı törədilən vandalizmi və terror əməllərini sorğulamaq səviyyəsinə çatmayıblar. Görünür ki, “İskəndər-M”in tətbiqi də daxil olmaqla, törədilmiş bu və digər hərbi cinayətlər Ermənistanın siyasi ictimaiyyətində nəinki “hərbi cinayət” və beynəlxalq hüquq pozuntusu kimi qəbul olunmur, əksinə, “dövlət sirri” olaraq qapalı iclaslarda müzakirəsi lazım bilinir. Kim bilir, bəlkə də, nə vaxtsa Ermənistan cəmiyyəti və siyasi elitasında hər bir cinayətə öz adı ilə yanaşan cəsarətli insanlar peyda olacaq...

Həqiqi sülh prosesi də elə bundan sonra başlayacaq.

Rüfət Əhmədzadə

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol