“Vaşinqton görüşü ərəfəsində erməni diasporu Azərbaycana təzyiq etmək məqsədilə imkanlarını səfərbər edib əvvəl ABŞ konqresmenlərinin çağırışlarını səsləndirdilər. Daha sonra Avropa Şurası Parlament Assambleyasının Laçın yolu ilə əlaqədar qətnaməsinin qəbuluna nail olub öz aləmlərində Vaşinqtonda Azərbaycanın mövqelərinin zəifləyəcəyinə ümidlə baxırdılar”.
“AzPolitika.info” xəbər verir ki, bu fikirləri təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl ABŞ-da sülh danışıqları ərəfəsində baş verən təxribatları şərh edərkən bildirib.
Onun sözlərinə görə, görüş keçirilən gün Azərbaycanın cavabının miqyasını belə hesablayıb təxribat törətdilər: “Təxribatdan həmən sonra xislətlərinə sadiq qalaraq ən çox sevdikləri və istifadə etdikləri “genosid”, “etnik təmizləmə” terminləri ilə haray-həşir saxlamağa başlayıblar. Məhz Vaşinqton görüşləri davam etdiyi bu günlərdə erməni separatçılarının təxribatları intensivləşdirəcəyi gözlənilən idi. Bu səssalmanın içində “xaric səslər” də mövcuddur. Təxribatdan sonra qondarma rejimin "parlament" sədri Tovmasyan 28 iyun yığıncağında Vaşinqton danışıqlarını dayandırmağı tələb edib, üstəlik, heç vaxt Azərbaycanın tərkibində olmayacaqlarını bir daha vurğulayıb. Əlbəttə, Tovmasyanın çağırışları boş və mənasızdır. Amma o yalnız öz səsini çıxarmayıb, separatçı liderləri danışdıran, təxribatlara yönəldən Rusiyadır. Vaşinqtonun vasitəçiliyini qəbul etməyən Moskvanın separatçıların əli ilə təxribatlara istiqamət verməsi və yalnız atəşkəs rejimini pozmaqla işlərinin bitmədiyini nümayiş etdirməsi aydın görünür”.
İ.İsmayıl vurğulayır ki, dörd erməni əsgərin ölümündən sui-istifadə edən Vardanyan və onun tərəfdarları şouya başlayıb. Həmişəki kimi sosial şəbəkə hesabından “qisasa” çağırışlar edir və "müstəqillik"dən dəm vururlar.

“Bütün bu silahlı və digər təxribatlar bizim üçün yenilik deyil və hesab edirik ki, əməliyyat şəraitinə ciddi nəzarət olunur. Separatçı rejimin Rusiyanın dili ilə danışdığı məlum məsələdir. Ona görə də Qərb trekində danışıqlarla paralel Qarabağda nəzarət-buraxılış məntəqəsi daha da sərtləşdirilməlidir. Qarabağ erməniləri Azərbaycanla humanitar məsələləri müzakirə edib mərhələli reinteqrasiya prosesinə start verməlidirlər. Əks halda, yaranmış krizisin nəticələrinə qatlanmalı olacaqlar”, - o, qeyd edib.
Təhlilçi vurğulayır ki, ikinci Vaşinqton görüşü birincinin davamı kimi dəyərləndirilməlidir. O, xatırladır ki, birincidə tərəflərin “tərəqqi” əldə etdikləri vurğulanırdı və tərəqqinin nəticəsi olaraq Brüsseldə 86.6 min kv. km ərazinin Azərbaycana aid olduğu Paşinyan tərəfdən səsləndirildi: “Bəzi prinsipial məsələlərdə fikir ayrılığının olması da birinci görüşdə bildirilirdi. İkinci görüşdə qeyd olunan prinsipial məsələlərin müəyyən bir hissəsində razılıq əldə olunacağı inandırıcıdır və real nəticə, çox ehtimal ki, 21 iyulda Brüssel görüşündə razılaşdırılacaq”.
Rusiya bu dəfə də prosesə mane olacaqmı?
İlham İsmayıl hesab edir ki, bu dəfə daha çox Qarabağın ermənilər yaşayan ərazilərində təxribatların şahidi olacağıq: “Separatçı “liderin” “Vaşinqton görüşü dayandırılmalıdır” çağırışının müəllifi Kremldə otursa da, Xankəndində səsləndirildi. Deməli, Azərbaycan Xankəndini hədəfə alan siyasətə intensiv xarakter verməlidir. Erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaq bu intensivliyin önündə gəlməli, konkret zaman şərti qoyulmaqla bəlli bir müddətdə problemin bu mərhələsi həll olunmalıdır. Qarşıda ermənilərin kompleks, fasiləsiz təxribatlar törədəcəyi barədə informasiyalar yayılıb. “Qəzəb” əməliyyatında olduğu kimi, hər təxribatı misli ilə cavablandırıb düşmənə heç bir fürsət verməməliyik. Ona görə ki, düşmən rus əsgərinin arxasında gizlənərək ən məkrli oyunlarını birgə davam etdirmək, mövcud status-kvonu dondurmaq niyyətindədir”.
“AzPolitika.info”

Şərhlər
Təxribatı törədən də,seperatizmi tətikləyən də Putin və onun işğalçı ölkəsidir.