Menu

"Rusiya təhlükəsizlik orqanlarına “Vaqner”in rəhbərini öldürmək tapşırılıb" - Ukrayna kəşfiyyatı

30.06.2023, 13:51
"Rusiya təhlükəsizlik orqanlarına “Vaqner”in rəhbərini öldürmək tapşırılıb" - Ukrayna kəşfiyyatı

“Rusiya təhlükəsizlik orqanlarına “Vaqner” Xüsusi Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojini öldürmək tapşırılıb”.

“Report” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

Onun sözlərinə görə, bu, asan məsələ deyil, ona görə də bir az vaxt aparacaq: “Təhlükəsizlik orqanlarının bunu bacarıb-bacarmayacaqları təbii ki, sual altındadır”.

K.Budanov bildirib ki, Ukrayna kəşfiyyatı belə bir silahlı qiyamın baş verəcəyindən xəbərdar idi: “Rusiya daxilində sabitliyi pozmağa yönəlmiş hərəkətlər Ukrayna üçün faydalıdır. Lakin proses uzun çəkmədi. Ona görə də qiyamın müharibəyə təsirindən danışmaq olmaz”.

Xatırladaq ki, iyunun 24-də “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.

Elə həmin gün “Vaqner”çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.

Məlumata görə, Y.Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verildiyini elan edib.

Şərhlər

Tahir 2023-06-30 14:08:13

Cinayət işinə xitam verilibsə qəti demək olar ki, bu aldadıcı gedişdir. Putin məcburən qiyamı yatırtmaq üçün verdiyi sözə əməl etsə də Priqojindən qisasını mütləq alacaqdır. Amma bunu indi etmək verdiyi sözə dönüklük kimi qəbul ediləcəkdir deyə bunu bir müddət sonraya saxlamalıdır. Amma əminəm ki, Priqojinin ölüm fərmanı elə qiyam günü yazılıb və Putin onu öldürəcək. Əlbətdə Putinin buna vaxtı çatacaqsa....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol