Fransa Prezidenti Emmanuel Makron cümə günü Brüsseldə keçirilən Aİ sammitini tərk edib və onun nəticələrindən sonra planlaşdırılan mətbuat konfransını ləğv edib.
Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
“AzPolitika.info” TASS-a istinadla xəbər verir ki, daha əvvəl BFM kanalı məlumat vermişdi ki, Makron saat 13:00-da (Moskva vaxtı ilə 16:00) polisin 17 yaşlı sürücünü öldürməsindən sonra ölkəni bürümüş iğtişaşlarla bağlı böhran qərargahının iclasına sədrlik etməlidir.
Kanalın qeyd etdiyi kimi, Makronun Aİ sammitlərində iştirak etməməsi “çox nadir hadisədir”. Onun məlumatına görə, ənənəvi olaraq bu hallarda Fransa dövlətinin başçısı Almaniyanın kansleri ilə əvəz olunur.
Bundan əvvəl Fransanın Daxili İşlər naziri Jerald Darmanen cümə axşamı və cümə gecəsi baş verən iğtişaşlar zamanı 667 nəfərin saxlanıldığını bildirib. Fransa mətbuatının yazdığına görə, zorakılıq aksiyalarının iştirakçılarının əhəmiyyətli hissəsini gənclər, o cümlədən 14-18 yaş arası insanlar təşkil edir.
Qeyd edək ki, Fransada iğtişaşlar baş verən gecədə 500-ə yaxın bina və 550-dən çox avtomobil yandırılıb.
KİV-in məlumatına görə, Fransada iğtişaşlara görə fövqəladə vəziyyət elan edə bilərlər.
Rüfət
AzPolitika.info


Şərhlər