“Vaqnerçilərin iki kateqoriyası vardı. Peşəkar muzdlular və həbsxanalardan səfərbər olunanlar. Bizim Silahlı Qüvvələr 21.000 “vaqnerçi”ni məhv edib, onların 80 minə yaxını isə yaralanıb”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “El Mundo” qəzetinə müsahibəsində bildirib.

Zelenski deyib ki, bu böyük itkilər Rusiya tərəfində döyüşən muzdluların ümumi sayı barədə aydın təsəvvür yaradır: “Yaxşı xəbər odur ki, biz Rusiya qüvvələrinin ən motivasiyalı hissəsini məhv etmişik”.

Ukrayna Prezidenti bundan öncə “RTVE”-yə açıqalmasında bildirib ki, Priqojinin qiyamı Rusiya hakimiyyətinin ölkəyə və orduya nəzarəti itirməsinin göstəricisidir: “Qiyam və “vaqnerçilər”in irəliləməsi onu göstərir ki, ölkə zəifdir və onlar çətin situasiyaları idarə edə bilmirlər. Onlar nə baş verdiyini anlamırlar. Onlar hər şeyə nəzarət edə bilmirlər”.

Prezident hesab edir ki, Ukrayna ordusu Rusiya tərəfinin bu zəifliyindən istifadə etməlidir.

Qeyd edək ki, Ukrayna kəşfiyyatının fikrincə, “Vaqner”-in hərbi qiyamının Ukrayna üçün ən müsbət tərəfi bundan sonra sözügedən hərbi birləşmənin Ukraynaya qarşı döyüşə bilməyəcəyidir.

“AzPolitika.info”