Avropa İttifaqı sanksiyalar altında olan Rusiya Kənd Təsərrüfatı Bankına törəmə müəssisə yaratmağa və onu beynəlxalq SWIFT sisteminə qoşmağa icazə vermək imkanını nəzərdən keçirir.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti vəziyyətlə tanış olan beş mənbəyə istinad edərək məlumat yayıb. Məqalədə vurğulanır ki, qərar təhlükə altında olan Qara Dəniz Taxıl Təşəbbüsünü - taxıl sazişini qorumaq məqsədi daşıyır.
Qəzetin həmsöhbətlərinin fikrincə, bu addım Rusiya bankının yaradılacaq törəmə bankına taxıl müqaviləsi ilə bağlı ödənişləri həyata keçirməyə imkan verəcək. Bu müqaviləyə əsasən, Ukrayna taxılı Rusiyanın blokladığı Qara dəniz limanlarından ixrac edilir.
May ayında Rusiya taxıl müqaviləsinin müddətinin iki ay uzadılmasına razılıq verib, lakin Moskva taxılının və gübrələrin ixracına maneələr aradan qaldırılmasa, müqavilənin ləğv edilə biləcəyini vurğulayıb.
Müqavilənin uzadılması üçün Rusiya hakimiyyətinin şərtlərindən biri “Rosselxozbank”ın SWIFT beynəlxalq bank ödəniş prosessoruna yenidən qoşulmasıdır. Bu planı BMT-nin vasitəçiliyi ilə aparılan danışıqlar zamanı Rusiya təklif edib.
Moskvanı “taxıl müqaviləsi”ni uzatmaq şərti iyunun sonunda Aİ sammitində müzakirə mövzusuna çevrilib. FT-nin iki mənbəsinə görə, planın tərəfdarları bunu “ən pis variant” adlandırıblar. Çünki onların fikrincə, Rusiyanın bu dəfə “taxıl sövdələşməsi”ni uzatmamaqla bağlı hədələri əvvəlkindən daha ciddi görünür.
Qara Dəniz Taxıl Təşəbbüsü kimi tanınan razılaşma Rusiya və Ukrayna tərəfindən keçən iyul ayında İstanbulda BMT və Türkiyə ilə ayrı-ayrılıqda müzakirə edilib. Bu, Ukrayna limanlarından taxıl və digər ərzaq məhsullarının ixracı mexanizmini nəzərdə tutur.
O vaxtdan bəri sövdələşmə bir neçə dəfə uzadılıb, ən son razılaşma iyulun ortalarına qədər müddəti nəzərdə tutur.
“AzPolitika.info”


Şərhlər