“Bu gecə saat 23:45-də Naxçıvandan Bakıya getmək üçün Naxçıvan Hava Limanından havaya qalxacaq təyyarəyə mindim. Bir saata yaxın təyyarədə digər sərnişinlərin gəlməsini gözlədik. Biz türk sərnişin olduğumuz üçün etiraz etmədik. Lakin Naxçıvandan gələn sərnişinlər bu vəziyyətə etiraz etdilər. Sərnişinlərin etirazını görən pilot anons verərək:“Uçmayacağam, təyyarədən enib evinizə gedin” dedi. Saatlarla təyyarədə gözləməli olduq. Nə səlahiyyətli bir nümayəndə var, nə də vətəndaşa məlumat verən bir nəfər. Uşaqlar, qadınlar, qocalar acınacaqlı şəkildə taleyin ümidinə buraxılıb, hava limanında gözləməli oldular”.
“AzPolitika.info” xəbər verir ki, bunları Türkiyə Respublikası vətəndaşı Cabbar Sıktaş sosial şəbəkə hesabından etdiyi paylaşımda bildirib.
Türkiyə vətəndaşının hava limanından paylaşdığı videodan da görünür ki, sərnişinlər həqiqətən də təyyarədən endiriliblər və gözləmə zalına yönləndiriliblər.
Məsələ ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-də İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilova “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, ötən gecə Naxçıvandan Bakıya yerinə yetirilən J2-2158 reysinin bir sıra sərnişinləri uçuşun təhlükəsizliyini şübhə altına alan tərzdə hərəkət nümayiş etdiriblər:“Təyyarə kapitanı başda olmaqla, uçuş heyətinin ictimai asayişi pozan sərnişinləri sakitləşdirməsinə baxmayaraq onlar ekipajın tələblərinə tabe olmayıblar. Bununla əlaqədar, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) tövsiyələrinə, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 944-IIQ nömrəli «Aviasiya haqqında» Qanununa və normativ hüquqi sənədlərinə əsasən hava gəmisi kapitanı uçuşun təhlükəsizliyini təmin etmək məqsədilə həmin reysin yerinə yetirilməsini təxirə salıb”.
Qeyd olunub ki, yaşanan hal nəzarətə alındıqdan sonra təyyarə Naxçıvandan Bakıya yola düşüb.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər
Hansı xoşbəxt sərnişini gözlədiyinə görə təyyarə ləngidilib???????