İyunun 29-da Rusiya Prezidenti Vladimir Putin Kremldə Yevgeni Priqojin və “Vaqner” komandirləri ilə üç saata yaxın görüş keçirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Putin Priqojin və “Vaqner”in komandirləri ilə görüşdə şirkətin cəbhədəki fəaliyyətini və 24 iyun hadisələrini qiymətləndirib, həmçinin komandirlərin izahatlarını dinləyib və onlara işə qəbul və döyüş variantları təklif edib. “Vaqner” komandirləri Putinə 24 iyun hadisələri ilə bağlı öz versiyalarını təqdim ediblər. Qeyd ediblər ki, onlar dövlət başçısının sadiq tərəfdarları və əsgərləridir", deyə Kremlin mətbuat katibi vurğulayıb.

Onun sözlərinə görə, görüşdə 35 nəfər iştirak edib.

***

“Vaqner” başçısı Yevgeni Priqojin məlum hərbi qiyamdan sonra Vladimir Putinlə görüşüb.

“AzPolitika.info” xəbər verir ki, bunu Fransanın “Libération” nəşri özünün Qərb kəşfiyyatındakı mənbələrinə istinadla yazıb.

Xəbərdə deyilir ki, görüş qiyamdan bir neçə gün sonra, iyulun 1-də baş verib. Kremlə çağırılan Priqojinin Putinlə görüşə tək gəlmədiyi qeyd olunur və bildirilir ki, görüşdə Priqojinlə yanaşı “Vaqner”-in komandirlərindən də bir neçəsi iştirak edib. O da xəbər verilir ki, Priqojin həmin gün həmçinin, “Rosqvardiya” başçısı Viktor Zolotov və Rusiya Xarici Kəşfiyyatının başçısı Sergey Narışkinlə də görüşüb. Xəbərdə sözügedən görüşlər zamanı hansı məsələlərin müzakirə olunduğu qeyd edilmir.

Xatırladaq ki, Putin iyunun 24-dəki müraciətində Priqojini xəyanətdə, satqınlıqda ittiham edərək, qiyamçıların mütləq cəzalandırılacağını bəyan etmişdi. Ancaq sonradan məlum oldu ki, Priqojin nəinki cəzalandırılmadı, hətta törətdiyi qiyama, 20-dək rus hərbçisi və bir neçə vertolyot, təyyarə məhv etməsinə rəğmən Rusiyanın mərkəzində azad-asudə gəzib dolaşa bilir. Bunu bir neçə gün əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko da təsdiqləyib. Belarus Prezidenti ötən həftənin sonunda mətbuata bildirib ki, Priqojin ya Moskvada, ya da Sankt-Peterburqdadır.

“AzPolitika.info”