Ukrayna ilə müharibədə 15 ayda 47 min rus əsgəri həlak olub.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Meduza” və “Mediazona” platformalarının təqdim etdikləri birgə araşdırmada deyilir.
Tədqiqat müəllifləri qeyd edirlər ki, bu itkilər Əfqanıstanda 10 illik müharibə zamanı sovet itkilərindən üç dəfə, rus qoşunlarının 1994-1996-cı illərdə birinci çeçen kampaniyası zamanı itkilərindən doqquz dəfə çoxdur.
Jurnalistlər ölüm halları üzrə tədqiqatçı Dmitri Kobakla birlikdə 2022-ci ildən gənc kişilər arasında ölüm hallarının kəskin artdığını göstərən miras hallarının reyestrini və Rosstat məlumatlarını təhlil ediblər. Araşdırmada deyilir ki, 2022-ci ildə müharibə ölümləri bir hesablama metoduna görə 24000, digərinə görə isə 25000 olub.
“Beləliklə, 2023-cü il mayın 27-də (yəni Ukrayna əks-hücum başlamazdan əvvəl) Rusiya tərəfində ölənlərin ümumi sayı 47 min nəfər olub”, - tədqiqat müəllifləri deyirlər. 95% ehtimalla, bu rəqəm 40-55 min arasındadır.
Ağır yaralı, xidmətə yarasız olan əsgərləri nəzərə alsaq, onların ümumi sayı ən azı 125 min nəfər ola bilər. Bu hesablamaya itkin düşənlər qismən daxildir, lakin əsirlikdə olan ruslar daxil deyil.
BBC-nin rus xidməti və “Mediazona” Ukrayanaya qarşı müharibədə ölən Rusiya hərbçilərinin sayını hesablayır. 7 iyul 2023-cü il tarixinə, siyahıda 27 min 400 nəfər hərbçinin adı var idi. İtkilərin real rəqəmi ən azı iki dəfə çox ola bilər. Beləliklə, ölənlərin sayı, ən mühafizəkar hesablamaya görə, 55 min nəfər ola bilər. Jurnalistlər hesab edirlər ki, ağır yaralanma və ya ölüm səbəbindən sıradan çıxanları nəzərə alsaq, Rusiyanın bərpa olunmaz itkiləri ən azı 247 min nəfər ola bilər.
“AzPolitika.info”


Şərhlər