Menu

“BİR NEÇƏ GÜN AĞIR ZƏRBƏLƏR ENDİRİLİR VƏ...” – “Qarabağ ermənilərinin silahsızlaşdırılması qaçılmazdır”

10.07.2023, 16:45
“BİR NEÇƏ GÜN AĞIR ZƏRBƏLƏR ENDİRİLİR VƏ...” – “Qarabağ ermənilərinin silahsızlaşdırılması qaçılmazdır”

“Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması müharibə bitdikdən sonra ortaya çıxan məsələ deyil. Bu, ATƏT-in keçmiş Minsk Qrupu dövründə Azərbaycanın tələblərindən biri idi və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda da öz əksini tapıb”.

“AzPolitika.info” xəbər verir ki, politoloq Fərhad Məmmədov bunu Qarabağ ətrafında cərəyan edən hadisələri şərh edərkən bildirib. Ekspert xatırladır ki, 10 noyabr bəyanatının mətnində məhz “erməni silahlı qüvvələri” qeyd olunur, yəni Azərbaycan ərazisində silahlı ermənilər olmamalıdır.

Politoloq vurğulayır ki, Laçın yolunun giriş - çıxışında nəzarət buraxılış məntəqəsi quraşdırıldıqdan sonra Qarabağ ermənilərinin silahsızlaşdırılmaması sülh müqaviləsinə əsas maneədir: “Azərbaycan haqlı olaraq Qarabağdakı silahlı erməniləri Ermənistan Silahlı Qüvvələrinin tərkib hissəsi hesab etdiyi üçün İrəvandan demilitarizasiya tələb edir. Çünki ən azı Ermənistan vətəndaşlarının Qarabağ ərazisində xidmət haqqını İrəvan ödəyir”.

F.Məmmədov bildirir ki, Rusiya sülhməramlılarından bölgənin demilitarizasiyasını tələb etməyin mənası yoxdur, Rusiya bunun əvəzində Azərbaycandan mandat istəyir, amma buna ehtiyac yoxdur.

Təhlilçi daha sonra bölgənin silahsızlaşdırılmasının həll yollarını təklif edib: “Ermənistan hökuməti Ermənistanın özündə qeydiyyatda olan vətəndaşlarını (sözdə könüllülər – müqaviləli xidmət edənlər) ağır silahlarla birlikdə Qarabağdan geri qaytarır. Qarabağ ermənilərinin əlində müəyyən miqdarda silah qalır.

Yaxud Ermənistan hökuməti geosiyasi dəyişikliklər ərəfəsində öz yalanlarına sadiq qalaraq, sülh danışıqlarını dayandırmaq üçün Azərbaycanın zərbələrini gözləyir. Amma Ermənistanın gözlədiyi geosiyasi dəyişikliklər artıq baş verib:

⁃ Ərdoğan seçkilərdə qalib gəldi;

⁃ Ukraynadakı müharibə Priqojinin üsyanına gətirib çıxardı və bu üsyan hələ tamamlanmayıb;

⁃ İran Azərbaycanla normallaşmaya doğru gedir - fakt yoxdur, amma tendensiya var;

⁃ Regional layihələrin genişlənmə potensialı var, amma orada Ermənistan yoxdur və heç kim Ermənistanın iştirakını tələb etmir...

Göründüyü kimi, heç bir dəyişiklik Ermənistanın mövqeyini gücləndirmir. İndi isə qarşıda gözlənilən proseslərə baxaq:

⁃ 2024-cü ildə ABŞ seçkiləri;

⁃ 2024-cü ildə Rusiyada seçkilər;

⁃ Ukrayna-Rusiya cəbhəsindəki vəziyyət;

⁃ Şarl Mişelin ikinci müddətinin 2024-cü il noyabrın sonunda başa çatması;

⁃ Avropa İttifaqının (Aİ) Mərkəzi Asiyadan malların Azərbaycan və Gürcüstan vasitəsilə daşınması ilə bağlı qərar qəbul etməsi. Yəni möcüzədən başqa bir şey gözləmək qalır”.

F.Məmmədov vurğulayıb ki, Laçın şəhəri ətrafında baş vermiş hadisələrin təkrarı baş verə bilər: bir gün ərzində endirilən zərbələr erməni silahlı qüvvələrinin bölgədən çıxarılmasına gətirib çıxarar. “Sonuncu variant odur ki, bir neçə gün ərzində silah anbarlarına, ağır artilleriyaya və hərbi infrastruktura zərbələr endirilir. Nəticədə minə qədər silahlı erməni məhv olur”, - o qeyd edib.

Qarabağın demilitarizasiyası Azərbaycan üçün nə deməkdir?

Politoloq bu suala cavabında bildirib ki, Qarabağda Ermənistan Silahlı Qüvvələrinin qalıqları Azərbaycan Silahlı Qüvvələri üçün o qədər də böyük problem deyil, lakin bu, Ermənistanla sülh müqaviləsinin bağlanmasına, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası prosesinə və onların təhlükəsizliyinin təmin edilməsinə, habelə Qarabağa qayıdacaq dinc əhali üçün böyük maneədir. Onun sözlərinə görə, Qarabağın demilitarizasiyası bu səbəbdən Bakının gündəmindəki ən mühüm komponentdir. “Danışıqlar o həddə çatıb ki, hamı hər şeyi bilir. Gündəlikdəki bütün mövzular müzakirə olunub və aradan qaldırılmalı olan maneələr aydındır. Mövzunun ciddiliyini və qərarların qəbulunun aktuallığını nümayiş etdirmək üçün Brüsseldəki görüşdən əvvəl mövzuların vacibliyini göstərmək mümkündür. O da ola bilər ki, Brüsseldə bu mövzu tam şəkildə qoyulsun, qan tökülmədən həll yolu üçün şans verilsin. Keçən il Ermənistan çağırışçıların Qarabağdan geri çəkilməsi üçün 20 gün vaxt istəmişdi... İndi, Brüssel görüşündən sonra Ermənistanda qərar qəbul olunmasa, o zaman baş verənlər yəqin hava şəraitindən asılı olacaq...”, - Fərhad Məmmdov vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol