Menu

“Bayden və Zelenski arasında pərdəarxası razılaşmalar olub” – POLİTOLOQ

12.07.2023, 16:12
“Bayden və Zelenski arasında pərdəarxası razılaşmalar olub” – POLİTOLOQ

“Təəssüf ki, NATO-nun Vilnüs sammiti bu ittifaqın uzun illər ərzində yaşadığı dərin böhranı nümayiş etdirdi. Həm Rusiyanın Ukraynaya qarşı müharibəsinə, həm də Ukraynanın gələcək NATO-ya üzvlüyü məsələsinə yanaşmalarda yeni və köhnə Avropa arasında aydın uçurum var”. 

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-da yaşayan tanınmış azərbaycanlı analitik Ramiz Yunus NATO-nun Vilnüs sammitinin yekunlarını dəyərləndirərkən bildirib.

“Təəssüf ki, Birləşmiş Ştatlar və Almaniya üçün İsveçin NATO-ya qəbulu mövzusu Ukraynanın NATO-ya qəbulu ilə bağlı məsələnin spesifikliyindən daha vacib və spekulyativ oldu”, - təhlilçi əlavə edib. 

Onun sözlərinə görə, bununla belə sammitin yekununda qeyri-müəyyən kommünikeyə baxmayaraq, Ukraynanın və onu dəstəkləyən ölkələrin əldə etdiyi müsbət şeylər də var: “Bu, Ukraynanın üzvlük planı olmadan NATO-ya qəbul edilməsi məsələsidir, bu, NATO-Ukrayna şurasının yaradılmasıdır. Bu çərçivədə Ukrayna və onun müttəfiqləri NATO daxilində öz gündəmlərini yaratmalı, təbliğ etməlidirlər ki, Vaşinqtonda bir ildən sonra keçirləcək növbəti sammitə qədər Ukrayna bu ittifaqın tamhüquqlu üzvü olsun. Prezident Zelenski NATO-nun bu mövqeyini “yarımçıq və absurd” adlandıraraq, alyansın hələlik Ukraynanı üzvlüyə qəbul etməyə hazır görünmədiyini etiraf edib. “Qeyri-müəyyənlik zəiflikdir” deyən Ukrayna Prezidenti ilə tam razıyam. Ümid edirəm ki, Bayden və Zelenski arasında başqa pərdəarxası razılaşmalar da olub ki, bu səbəbdən Ukrayna Prezidenti açıq demarş etmədi və Vilnüsə uçdu. İlk növbədə bu razılaşmalar general Zalujnının bu yaxınlarda “Washington Post” qəzetinə müsahibəsində açıq şəkildə danışdığı bütün silahların tədarükünə aiddir. Əgər belədirsə, yaxın günlərdə bu barədə məlumat alacağıq. Ukraynaya qələbə arzulayıram”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol