Ötən gün Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın sayca altıncı üçlü görüşü oldu.

Bəzi ekspertlərin “qalstuksuz görüş” adlandırğı bu görüş (Paşinyan görüşə qalstukla gəlsə də, sonradan ümumi “ab-hava”ya uyğunlaşmalı oldu – red.) həftəsonu baş tutdu. Amma görüşün əsas əlamətdarlığı onda oldu ki, Xankəndidə separatçıların və havadarlarının təşkil etdiyi aksiyalar gündəlikdə olan məsələlərin müzakirəsinə, hətta irəliləyiş əldə olunmasına mane olmadı.

“AzPolitika.info” Şarl Mişelin açıqlamalarına əsasən, razılaşdırılmış bəzi məqamları oxuculara təqdim edir:

-Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan etdilər və 1991-ci il “Alma-ata bəyannaməsi”nə əsasən delimitasiya işi başlamağa razılaşdılar;

-nəqliyyat və iqtisadi əlaqələrin bərpası, həmçinin dəmiryolu xəttinin çəkilməsi barədə razılıq əldə olundu;

-Laçın yolu və humanitar məsələlər; yerli əhalinin hüquqları və təhlükəsizliyi;

-saxlanılanlar və əsirlərin geri qaytarılması.

Bu görüşdə müzakirə olunan hər bir məsələni ayrıca, geniş şəkildə şərh etmək olar. Lakin diqqəti dəmir yolu məsələsinə çəkmək istərdik.

Şarl Mişeldən sitat: “Dəmir yolu xəttinin tikintisinə dərhal başlanılmalıdır. Avropa İttifaqı maliyyə töhfəsi verməyə hazır olacaq. Bəzi detallar hələ də aydınlaşdırma tələb edir, lakin bu mövzuda indi mövqelər yaxınlaşır və variantlar fəal şəkildə araşdırılır”.

Sual yarana bilər ki, Avropa İttifaqı bu dəmiryolu xəttini niyə belə çox istəyir? Və nəyə görə bu layihəyə “sponsorluq” etməyə hazırdır?

Axı, bir çoxları elə düşünür ki, bu, ancaq Azərbaycan və Türkiyənin marağındadır?

Nəyə görə, Ərdoğan və Əliyev tərəfindən gündəmə gətirilən bu “dəhliz” ideyası Brüsseldə oturanları bu qədər “cəlb” edir?

Burada bir neçə nüanslar var:

Qərbin və Avropanın regionda həm siyasi, həm də iqtisadi dayaqları sarsılmaq üzrədir. Artıq Gürcüstanda belə Qərb institutları özlərini yetərincə “rahat” hiss etmirlər.

Digər tərəfdən, Avropa İttifaqı Şərqi Avropadan, Belarus və Rusiya ərazisindən keçən dəhlizlərin alternative olaraq, yeni bir layihə üzərində çalışmağa məcburdur. Hətta deyərdik ki, məhkumdur!

Belə olduğu halda, ən “cazibədar” ideya məhz Zəngəzur dəhlizinin reallaşması ola bilər.

Avropa İttifaqının rəhbərliyində Ermənistanın 70 il digər SSRİ ölkələrinin “boğazından sallandığını”, son illərdə isə Rusiyadan asılı vəziyyətə düşdüyünü yaxşı bilirlər. Əlbəttə, Avropa İttifaqı bundan sonra Ermənistanı öz yanında saxlamaq üçün “sonsuza qədər yedizdirmək” niyyətində deyil. Regionda ticarət və kommunikasiya əlaqələrinin inkişafı Ermənistan üçün də faydalıdır.

Burada şübhəsiz bir aksioma yaranır: Dəhliz bölgədəki hər bir tərəf üçün faydalı olacaq.

Bəlkə də, tarix boyu belə bir layihə olmayıb ki, bütün tərəflərin maraqlarına cavab versin. Hətta Rusiya belə, bütün embarqo və sanskiyalara rəğmən, Azərbaycan və Türkiyə vasitəsilə Qərb bazarlarına çıxa biləcək. Resurslar sarıdan sıxıntı yaşayan Qərb dövlətləri də bu cəhdlərə müəyyən qədər göz yumacaqlar – “Ehtiyacları ödəmək üçün”.

Necə deyərlər, “perspektivli bir biznes layihəsi”!


Dəhlizin töhfələrini Orta Asiya və hətta, Çin belə hiss edəcək. Təssəvvür edin, cəmi bir neçə kilometrlik ərazidə dəhlizin açılması, neçə min kilometrlik bir “kommunikasiya xətti”ni formalaşdırmış olacaq!

Milyardlarla dolların dövr edəcəyi bir layihə Avropa İttifaqını niyə cəlb etməsin ki?

Bu layihə, əlbəttə, Rusiyanın iqtisadi maraqlarına cavab verir, lakin siyasi baxımdan Kremlin regionda zəifləməsi də masa üstündədir. Elə ona görə də, Moskva var gücü ilə “Qarabağ” kartını əlində saxlamağa, proseslərə vaxtaşırı “müdaxilələr” etməyə çalışır.

Ümid edək ki, Ermənistanın siyasi dairələri özləridə cəsarət və qətiyyət taparaq, bölgədə real sülhə doğru addım atacaqlar.

Əks təqdirdə, Ermənistan “sonsuza qədər” gah Avropadan, gah da Rusiyadan yardımlarla “möhtac” qalacaq.

Rüfət Əhmədzadə

“AzPolitika.info”