Menu

Dünya bazarında qaz kəskin ucuzlaşıb – Ekspert səbəbləri açıqladı

17.07.2023, 17:38
Dünya bazarında qaz kəskin ucuzlaşıb – Ekspert səbəbləri açıqladı

Avropada qazın hərrac qiymətləri mayın sonlarında olduğu kimi yenə də 300 dollardan aşağı qiymətə satılır. Ötən il isə Avropada qazın orta qiyməti 1400 dollar olmuşdu.

Dünya bazarında kəskin ucuzluğun səbəbi nədir və istehsalçılara nə vəd edir?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, qiymətin kəskin ucuzlaşmasının başlıca səbəbi Avropa İttifaqındakı (Aİ) ümumi tutumu 108 mlrd. kubmetr olan yeraltı qaz anbarlarının 80 faiz civarında doldurulmasıdır.

“Aİ düşünür ki, yeraltı qaz anbarları avqustun sonuna qədər tam doldurulduğu təqdirdə əlavə ehtiyatları Ukraynanın 5 yeraltı qaz anbarında da saxlaya bilərdi. Bu səbəbdən Rusiya Ukraynanın müxtəlif bölgələrini raket atəşinə tutur və bir növ rəsmi Brüsselə çatdırmaq istəyir ki, həmin qazı bir anda göyə sovurmaq imkanındadır”, - o, qeyd edib.

Ekspert vurğulayıb ki, Avropanın qaz bazarı daha maraqlıdır, çünki bizim qaz qazancımıza kifayət qədər təsir edən məkandır. Onun sözlərinə görə, ötən həftə Gömrük Komitəsinin hesabatından məlum oldu ki, iyunda Azərbaycanın qazdan əldə etdiyi qazanc neft gəlirlərini üstələyib.

“Amma hökumət yenə susmağa üstünlük verdi - bu cür tarixi faktı nə qeyd etdi, nə də gündəmə çevirmədi”, o əlavə edib.

İ.Şaban bildirib ki, 2023-cü ilin I yarısının yekunlarına görə, Aİ qaz istehlakını 10% azaldaraq 178 mlrd m3-a salıb.

“Aİ bu müddətdə boru ilə nəql edilən qazın idxalını 34% azaltmağa qadir olub - cəmi 76,7 mlrd m3. Bu həcmlərin içərisində Rusiyadan alınan qaz 11,7 mlrd m3 təşkil edib ki, bu da ötən ilin yanvar-iyun göstəricilərindən 75% az olub”, -ekspert vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol