Menu

Azərbaycan universitetləri dünya reytinqlərinə düşəcəkmi? – “Strategiyanın icrasına 3 il vaxt qalıb...”

19.07.2023, 13:04
Azərbaycan universitetləri dünya reytinqlərinə düşəcəkmi? – “Strategiyanın icrasına 3 il vaxt qalıb...”

Millət vəkili, təhsil eksperti Etibar Əliyevin “AzPolitika.info”-ya müsahibəsini təqdim edirik:

- Etibar müəllim, universitet reytinqləri ilə bağlı söylədiyiniz fikirlər geniş rezonansa səbəb oldu. Səbəb nə idi?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 iyul 2022-ci il tarixdə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişafı strategiyasının təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Bu vacib sərəncamın “XXI əsrin tələblərinə uyğun təhsil” bölməsində dünyada top-800-lükdə 3 Azərbaycan universitetinin təmsil olunması hədəf kimi götürülüb. Şübhəsiz ki, bu istiqamətdə ciddi çalışmalar vacibdir. Böyük Britaniyanın "World University Ranking" nəşri (QS reytinqi) 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Milli Məclisdəki çıxışımda bu reytinqə söykənərək dedim ki, TOP-1000 siyahısına bir universitetimiz belə düşməyib. 1001-1200 aralığına UNEC və BDU, 1200-1400 aralığına isə Neft və Sənaye Universiteti düşüb. Bununla bağlı ciddi universitet islahatlarının başlanması vacibdir ki, hədəfimizə çataq. Mən əsasən bu məsələnin vacibliyini qeyd etmişdim. Strategiyanın icrasına 3 il vaxt qalıb və reytinqlərin dərindən öyrənilməsini vacib sayıram.

- Etibar müəllim, sanki universitet reytinqləri ilə bağlı cəmiyyətdə informasiyalar azdır. Daha hansı məşhur reytinqlər vardır?

- Hal-hazırda dünya QS ilə yanaşı universitetlərin 3 əsas reytinqi mövcuddur. Şanxay Universiteti, Times və Webometrics reytinqləri. Məsələn, Şanxay reytinqi (Shanghai University IHE, ARWU) 2003-cü ildə tərtib olunub və dünyanın ən yaxşı 500 universiteti əhatə olunur. Bu reytinqin əsas xarakteristikası ali məktəblərin tədqiqat fəailiyyətinə istiqamətlənib.

Times (The Times Higher Education Suppllement, THES) reytinqi - 2004-cü ildən İngiltərənin məşhur “Times” qəzeti ali təhsil haqqında özünün əlavəsində dünyanın 200 universitetinin reytinqini çap edir.

Göründüyü kimi, universitetlərin sayından asılı olaraq həmin reytinqlərə düşmək çox çətindir. Bizim QS reytinqində TOP -1000-ə azı 3 universitetimizin düşməsini arzulayırıq. Bunun üçün isə həmin reytinqin 9 kriteriyası müfəssəl şəkildə öyrənilməli və ciddi addımlar atılmalıdır. Məsələn, bu reytinqdə sitatgətirilmə indeksinin payı 20%-dir. Bəzən bu meyarı biz önə çəkməklə digər meyarların çəkisini azaldırıq. Məsələn, biz texnika sahəsində təhsil və elmlə bağlı qardaş Türkiyənin Ortadoğu Universiteti ilə sıx əlaqə qurmalıyıq. Türkiyə-Azərbaycan Universitetinin yaradılmasının da bu işə müsbət təsiri olacaq. Başqa sözlə, biz çox vaxt aparmadan öyrənmə və tətbiqetmə mərhələsini uğurla keçməliyik. Çünki bütün dünyada biliyin və elmin yeganə drayveri universitetlərdir.

“AzPolitika.info”

Şərhlər

Etibar bəyə 2023-07-19 13:34:31

Etibar bəy,yapılmayan əşyanı axtarana nə deyilir? Azərbaycan universitetlərində universtiteklik qalıb ki,hələ reytinqdən söhbət edirsiniz?Görürsünüz ki, bir az imkanı olanlar evladlarını xarici ölkə universitetlərində oxumağa göndəirir? sovetlər vaxtı Azərbaycan universitetlərində n qədər əcnəbi tələbə vardı,xarırlaya bilirsiniz7İndi isə rüşvət.tanışlıq və fiktiv diplom satışı o həddə çatıb ki,bu a savadsızlığın mənbəini yaradıb.Ona görə Sizin pafoslu yazılarınızın heç bir əhəmiyyəti,mənası your.Özünüzə sənət tapın.Boş-boş sözlərlə teytinq olmur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol