Məlum olduğu kimi, bir neçə gün əvvəl Azərbaycan Prezidenti Ukraynaya 7.6 milyon dollarlıq humanitar yardım ayrılması ilə bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Energetika Nazirliyinə 7,6 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılsın və Maliyyə Nazirliyi bu məbləğdə maliyyələşməni təmin etsin. Yəni, söhbət Ukraynaya elektrik avadanlıqları formasında yardım edilməsindən gedir.

Məlum məsələdir ki, bu yardım və bundan öncəki oxşar aksiyalar hazırda Ukraynada baş verən müharibə fonunda təkcə humanitar, sosial deyil, həm də siyasi akt kimi qəbul edilir. Bu, dolayısı ilə Azərbaycanın işğalçının deyil, işğala məruz qalanın və öz suveren haqları, əraziləri, nəhayət, öz ölkəsində yaşamaq hüququ uğrunda mübarizə aparanların, bir sözlə, sivil dünyanın yanında olduğuna dair qənaət yaradır.

Azərbaycanın özünün 30 ilə yaxın müddətdə işğala məruz qaldığı və hazırda da öz ərazilərində tam suverenliyini bərpa etmək uğrunda çalışdığını nəzərə alsaq, Ukraynaya bu və ya digər formada dəstək göstərilməsində qeyri-adi heç nə yoxdur.

Ancaq bu humanist addım Ermənistan və Rusiyadakı məlum ermənipərəst, şovinist qüvvələr başda olmaqla, Azərbaycana düşmən mövqedə olanlarda əsl mənada hiddət yaradıb. Hazırda erməni mediasının və sosial şəbəkələrinin əsas müzakirə mövzularından biri məhz Azərbaycanın Ukraynaya yardımıdır.

Məsələ ondadır ki, erməni toplumu və Azərbaycan cəmiyyəti böyük ölçüdə mövqe etibarilə təkcə yaşadığımız regionda deyil, Ukraynadakı savaşda da əks cəbhələrdə yer alıb. Rusiyada dünyanın müxtəlif ölkələrində yaşayan, o cümlədən Ermənistan vətəndaşı olan ermənilərdən ibarət “arbat” adlı işğalçı batalyonu yaradılıb Ukraynaya göndərildiyi halda, Azərbaycan Kiyevə işğalla mübarizə aparmaq üçün humanitar yardım göndərir. Bu mənzərənin özü çox şeydən, o cümlədən kimin hansı cəbhədə durduğundan, hansı xalqın və dövlətin sivil bəşəri dəyərlərə sadiq olduğundan xəbər verir...

Erməni mətbuatı və politoloqları Azərbaycanın Ukraynaya humanitar yardımını şərh edərkən, ilk yerə Rusiya ilə Azərbaycan arasındakı müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında sazişi qoyurlar. Ermənilər iddia edirlər ki, Azərbaycanın Ukraynaya humanitar yardımı bu sazişə uyğun deyil.

Ermənilərin ən məşhur “Baqramyan” teleqram kanalı bu mövzuya xüsusi yer ayırıb. Kanal hiddətini və iblis mahiyyətini gizlətmədən yazıb: “Azərbaycan Rusiya ilə müttəfiqlik sazişi çərçivəsində yardım göndərib. Amma Ukraynaya...”

Kanal ardınca Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana yardıma görə təşəkkür mesajını dərc edib və qeyd edib ki, bununla da Azərbaycan guya Rusiyanı “kürəyindən vurub”, yaxud “aldadıb”.

Ancaq məlum məsələdir ki, heç bir müttəfiqlik sazişi işğala məruz qalan, müharibə nəticəsində humanitar, sosial, iqtisadi böhranla üz-üzə qalan nəinki dost, hətta dost olmayan ölkənin belə xalqına humanitar yardım göstərilməsini qadağan etmir. Lakin görünür, ermənilərin içindəki kin, nifrət və riyakarlıq onlara belə insanpərvərlik addımlarını dərk etməkdə çətinlik yaradır.

Rusiya ilə müttəfiqlik sazişinə gəlincə, bu sazişi ilk başdan hər addım başı tapdalayan məhz elə Rusiyanın özüdür. Son olaraq, Rusiya XİN-in 15 iyul bəyanatında Azərbaycanın ərazi bütövlüyünü sual altına alması bunun bariz nümunəsidir. 

Vaxtilə Çeçenistanın ilk Prezidenti Cövhər Dudayev əbəs yerə deməmişdi ki, “ruslarla bağlanan müqavilə suya yazılan yazı kimidir...”

C.Məmmədov

“AzPolitika.info”