“Financial Times” qəzetinin yazdığına görə, Ermənistanda Rusiyaya avtomobil ixracı 2023-cü ilin yanvar ayında 225 dəfə artaraq 180 milyon dollara çatıb.
Xatırladaq ki, 2022-ci ilin martında ABŞ tam olaraq, AB isə dördüncü sanksiya paketi çərçivəsində Rusiyaya 50 min avrodan bahalı avtomobil ixracını qadağan edib.
İqtisadçı Samir Əliyev bildirir ki, Rusiyaya qarşı sanksiyalar fonunda avtomobil istehsal etməyən ölkədən avtomobil ixracı artıq təəccüblü gəlmir.
“Çünki bu, sanksiyalardan yayınmanın bir üsuludur. Bu, paralel idxal adlanır. Rusiyanın VTB bankının açıqlamasına görə, ölkədə satılan hər 10-cu yeni avtomobil paralel idxal çərçvəsində gətirilir”, - o əlavə edir.
S.Əliyev deyir ki, bu ilin 2 ayı ərzində, yəni aprel-may aylarında Azərbaycandan Rusiyaya 21,8 milyon dollar dəyərində maşın ixrac olunub. Onun sözlərinə görə, bunun 14,3 milyonu aprel, 7,5 milyonu may ayının payına düşür: “Bunlar mühərrikinin həcmi 2500 sm³-dən çox olan sıxılmaqdan alışan DYM-li (dizel) minik avtomobillərdir. 2023-cü ilin yanvar-may aylarından Azərbaycandan bu ölkəyə qeyri-neft ixracı əvvəlki ilin analoji dövrü ilə müqayisədə 53,4% artıb”.
İqtisadçı onu da qeyd edir ki, 2023-cü ilin ilk 5 ayında Qazaxıstandan Rusiyaya ixrac əvvəlki ilin analoji dövrü ilə müqayisədə 1,4 dəfə artaraq 4 milyard dollara yüksəlib.
“Yəqin ki Azərbaycanın qeyri-neft ixracında artımı növbəti aylarda da müşahidə edəcəyik. Bu artımın əsas drayver ölkəsi Rusiya, məhsulu avtomobillər olacaq”, - S.Əliyev vurğulayıb.
Rasim
“Azpolitika.info”


Şərhlər