Özündə dünya üzrə 100 milyon nəfərə yaxın könüllünü, üzv və işçi heyətini cəmləşdirən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycana gəlişi birinci Qarabağ müharibəsi illərinə təsadüf edir.

Bu təşkilatın başlıca vəzifəsi müharibə qurbanlarına, yaralılara, əsirlərə, qaçqınlara, mülki şəxslərə və digər qeyri-döyüşçülərə humanitar yardım göstərmək və onları qorumaq olsa da, reallıq tamamilə fərqlidir. Bu komitənin 30 illik münaqişə dövründə, eləcə də postmüharibə reallığında Azərbaycana qarşı sərgilədiyi mövqe hər zaman tərəfli və qərəzli olmuşdur.

Bu müddətdə digər Qərb təşkilatları kimi, səmərəsiz və uğursuz fəaliyyəti ilə yadda qalan BQXK, zaman-zaman Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyalarında aktiv iştirak etməkdən, üzərinə götürdüyü öhdəlikləri pozmaqdan, həmçinin qanunvericiliyimizə qarşı hörmətsizlik etməkdən belə çəkinməmişdir. Müharibə və postmüharibə dövründə BQXK-nin hərbi əməliyyat bölgələrində kəşfiyyat xarakterli məlumatları Ermənistana ötürməsi, humanitar yardım adı altında Qarabağa qanunsuz daşımalar, qaçaqmalçılıq və s. kimi ciddi və əsaslandırılmış faktlar mövcuddur.

Bu “humanitar” komitə öz vəzifə və səlahiyyətlərini aşmaqla bərabər qarşılıqlı anlaşma əsasında üzərinə götürdyü məsələləri də həll etmir. Məsələn, Beynəlxalq Qırmızı Xaç Komitəsi hələ də birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələni araşdırmır. Azərbaycan tərəfinin bu mövzu ilə əlaqədar çoxsaylı müraciəti cavabsız qalır.


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, birinci Qarabağ müharibəsi zamanı 3890 Azərbaycan vətəndaşı itkin düşüb. Onlardan 3171 nəfəri hərbçi, 71-i uşaq, 267-si qadın, 326-sı isə ahıl olub. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 54 hərbçi BQXK vasitəsilə ailələri ilə əlaqə saxlasalar da, sonradan onların talelərinin necə olması ilə bağlı hər hansı məlumat verilməyib.

BQXK bu hərbi cinayətin araşdırılması istiqamətində heç bir səy göstərməyib. Həmçinin, BQXK-nin 2014-cü ildə DNT məlumat bazasını yaratmasına baxmayaraq, itkin düşən soydaşlarımızın işinə hər hansı xeyri olmayıb. Bu da BQXK-nin itkin düşən azərbaycanlıların taleyinə biganə yanaşmasının göstəricisidir.

Bu barədə Milli Məclisin deputatı Fazil Mustafa “AzPolitika.info”-ya şərhində bildirib ki, sözügedən komitənin fəaliyyəti beynəlxalq güclər tərəfindən tənzimlənir:“Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti humanitar prinsiplərə əsaslansa da, siyasi mənbələrdən idarə olunan bir quruluşdur. Bu quruluşu dəstəkləyən qüvvələrin böyük əksəriyyəti isə Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən qüvvələrdir. BQXK-nin humanitar təşkilat adı altında Ermənistana daha çox dəstək verməyi düşünən bir zehniyyəti davam etdirməsi olduqca üzücüdür. Biz gördük ki, onlar müharibə dövründə də, digər vəziyyətlərdə də erməni vəhşiliyi ilə bağlı xüsusi açıqlamalar vermədilər. Əksinə hansısa bir şəkildə bizim əsr düşən vətəndaşlarımızla bağlı məlumatları gizlədirdilər. Bununla bağlı çoxlu sayda faktlar mövcuddur”.

“Komitə tərəfindən müəyyən işlər görülsə də, bu, yetərli deyil. Hər halda ermənilərə olan münasibətlə bizə olan münasibət arasında köklü fərqlər var. Bu quruluşun fəaliyyəti ilə bağlı bizim nigarançılığımız olduqca böyükdür. Çünki öz yaxınlarından məlumat gözləyən çoxlu sayda insanlar artıq bu quruluşa tam etibar etmirlər”,- F. Mustafa əlavə edib.

Deputat qeyd edib ki, komitə ilə əlaqəni tam kəsməməli, onunla işləməliyik: “Biz eyni zamanda, ehtiyat tədbirlərimizi də görməliyik. Bu komitə son Laçın yolu ilə bağlı məsələdə bir dəfə də olsun dilə gətirmədi ki, Azərbaycan öz ərazisindən humanitar yol verir, amma ermənilər bundan imtina edirlər. Biz başqa bir xarici dövlətin öz iradəsi ilə Azərbaycan ərazisinə hansısa bir humanitar yükü keçirməsinə necə yol verə bilərik? Ermənistan özü buna imkan verərmi? Heç Naxçıvana Zəngəzur dəhlizi ilə getməyimizə imkan vermirsə, buna necə imkan verəcək? Bunların nazı ilə çox oynamağa ehtiyac yoxdur. Biz əməkdaşlıqla yanaşı, onların bu fəaliyyətini diqqətlərinə çatdırmalı, müəyyən neqativ işlərini ifşa etməliyik. Görsünlər ki, biz də çörəyi qulağımıza yemirik və hər şeyi dəqiq bilirik”.

E. Bəyməmmədli

“AzPolitika.info”