Menu

XOCALI QATİLİNİN MƏSULİYYƏTİ: Erməni iddiaları və cinayət hüququ...

30.07.2023, 20:49
XOCALI QATİLİNİN MƏSULİYYƏTİ: Erməni iddiaları və cinayət hüququ...

Erkin Qədirli, millət vəkili

Vaqif Xaçaturyanın saxlanılmasıyla bağlı ermənilərin etirazlarını əsaslandırmaq cəhdləri arasında zamanla bağlı mülahizələr olarsa (olma ehtimalı yüksəkdir), onlara necə bir cavab verilməlidir? 

Örnəyi, ermənilər iddia edə bilərlər ki, Azərbaycan Cenevrə konvensiyalarına 1993-cü ildə, soyqırım konvensiyasına isə 1996-cı ildə qoşulduğuna, müharibə və insanlıq əleyhinə cinayətlərin anlayışını verən maddələri Cinayət Məcəlləsində 2000-ci ildə qəbul etdiyinə görə, Xaçaturyanı, eləcə də başqalarını, həmin müddətlərdən öncə törətdiyi əməllərə görə mühakimə edə bilməz.

Bunun hüquqda aydın cavabı vardır:

1. Soyqırım haqqında konvensiyada və Cenevrə konvensiyalarında təsbit olunmuş cinayətlər çoxdan beynəlxalq adət hüququna aid olunurlar. Özü də onların anlayışını verən normalar beynəlxalq hüququn imperativ normaları sırasında yer alırlar (jus cogens).

2. Sözügedən cinayətlərin beynəlxalq adət hüququna aid olunduğundan, onların təsbit olunduğu konvensiyalara qoşulma zamanının cinayət təqibinə təsir etməməsilə nəticələnir. Yəni, bu konvensiyalara sonradan qoşulmaq cinayət təqibi üçün heç bir əngəl yaratmır. Ayrıca, konvensiyalara qoşulmadan da həmin cinayətləri təqib etmək mümkündür, yetər ki, onlar dövlətdaxili cinayət qanunvericiliyində təsbit olunsun. Bu konvensiyalara qoşulmaq daha çox dövlətlərarası öhdəliklər baxımından önəmlidir.

3. Sözügedən cinayətlərə zaman məhdudiyyəti tətbiq olunmur. Yəni, onların törədilməsindən sonra çox uzun zaman keçsə belə, nə qədər ki onları törədənlər sağdır, cinayət təqibi mümkündür. Üstəlik, dövlətdaxili cinayət qanunvericiliyində sözügedən cinayətləri təsbit edən normalar sonradan qəbul olunsa belə, törədildiyi zaman beynəlxalq adət hüququna aid olunan cinayətlərin təqibi yolveriləndir. Burada nullum crimen sine lege (qanun yoxdursa, cinayət də yoxdur) prinsipi pozulmuş sayılmır. Başqa sözlə, belə normaların geriyə tətbiqinə yol verilir.

Şərhlər

B.Qarabağlı 2023-07-30 22:07:00

Hüquqi əsaslanmalara görə Millət Vəkilinə təşəkkürlər! Cinayətkar 2013 cü ildə İnterpolun axtarışına veriləndə mümkün (Azərbaycanın əski DQMV, Ermənistan, RF, İran, Fransa ...) ünvanlar göstərilməmiş ola bilməz? Bəs, cinayətkarı gizlətmə məsuliyyəti?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol