“Mən vəziyyətin təhlükə yaratdığını bilirdim. Ancaq hərbi əməliyyatların başlayacağı gün heç kimə məlum deyildi”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın sabiq Müdafiə naziri David Tonoyan Ermənistan parlamentinin 44 günlük müharibəni araşdıran xüsusi komissiyasındakı ifadəsi zamanı deyib. Tonoyan qeyd edib ki, hətta müharibə başlayan ərəfədə və onun başladığı gün ümumiyətlə, Ermənistanda olmayıb. Sabiq Müdafiə naziri bildirib ki, 2020-ci il sentyabrın 25-26-da NATO ölkələrinin birində ezamiyyətdə olub. Sentyabrın 26-da Orta Asiya ölkələrindən birinə uçduğunu deyən Tonoyan qeyd edib ki, sentyabrın 27-si səhər təyyarədən enən kimi hərbi əməliyyatların başladığı barədə Baş Qərargah rəisindən məlumat alıb. Bundan sonra dərhal Ermənistana qayıtmağa çalışdığını bildirən Tonoyan, buna yalnız sentyabrın 28-si səhərə yaxın Gürcüstan vasitəsilə nail olduğunu qeyd edib.
Sabiq nazir Ermənistan ordusunun həmin vaxt üçün müdafiə döyüşlərində özündən 2-3 dəfə artıq qüvvəyə cavab verməyə hazır olduğunu iddia edib. Əlavə edib ki, bu, təkcə onun yox, hamının fikri idi. Reallıq isə başqa mənzərəni ortaya qoydu.
Tonoyan gileylənib ki, Ermənistan ordusunun müharibə başlayan ərəfədə Azərbaycanla rəqabət aparacaq nə hərbi hava qüvvələri, nə də hava hücumundan müdafiə sistemləri olub. Ancaq onlar bu məsələlərin Rusiya tərəfindən həll ediləcəyinə inanıblar.
“AzPolitika.info”


Şərhlər