Rusiyada tanınmış iş adamlarına məxsus bir sıra şirkətlər Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynaya qarşı müharibəyə göndərilən könüllülərə maaş verir.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Mühüm hekayələr” nəşrinin araşdırmasında deyilir.
Araşdırmaya görə, Rusiya ordusunun könüllü batalyonlarının döyüşçülərinə sponsorluq edənlər arasında Oleq Deripaska, Leonid Mixelson, Mixail Qutseriyevin şirkətləri də var. Eyni zamanda, hərbi qulluqçuların formal olaraq işlədiyi bəzi şirkətlər heç bir sanksiya siyahısına daxil edilməyib.
Nəşrə bu məqsədlə necə bir sxemin yaradıldığını könüllüləri “Sokol” batalyonuna (108-ci Hava Hücum Alayının bir hissəsi) cəlb edənlərdən biri açıqlayıb: “Biz Müdafiə Nazirliyi ilə müqavilə bağlanmazdan bir gün əvvəl onları şirkətimizdə işə götürürük, sonra isə əmək müqaviləsini dayandırırıq. Beləliklə, xüsusi hərbi əməliyyatlarda iştirak etdikləri üçün işçimizə bonuslar ödəmək üçün əsasımız var".
“Mühüm hekayələr” iddia edir ki, “Sokol”-un müharibəyə yazılmaq istəyənlər üçün “Tteleqram” kanalında göstərdiyi telefon nömrələri “Rusal Management”ə məxsusdur. Bu şirkət əsas sahibi Oleq Deripaska olan “Rusal”ın törəmə qurumudur. Buna görə də “Sokol” döyüşçüləri iki mənbədən maaş alırlar - Müdafiə Nazirliyi və Deripaskanın strukturlarından. Bəzi könüllülərin rəsmi olaraq Deripaska ilə əlaqəli özəl mühafizə şirkətlərində və digər müəssisələrdə də işlədiyi iddia edilir.
“Rusal”dan “Mühüm hekayələr”ə bildirib ki, şirkətin könüllü döyüçülərə maaş verilməsi ilə heç bir əlaqəsi yoxdur.
Araşdırmada həmçinin deyilir ki, Leonid Mixelsonun və Gennadi Timçenkonun “Novatek” şirkəti, həmçinin onların nəzarətlərində olan özəl mühafizə şirkəti və “Cəsarət” fondu vasitəsilə müharibəyə göndərilən könüllülərə sponsorluq edirlər.
İddialara görə, könüllülər tikinti maqnatı Sergey Qordeev və iş adamı Mixail Qutseriyevin şirkətləri ilə əlaqəli strukturlardan da maaş alırlar.
Beləliklə, Kreml hakimiyyəti dövlət şirkətləri tərəfindən istifadə edilən eyni sxemdən istifadə edirlər: könüllülər formal şəkildə işə cəlb edilir və daha sonra cəbhəyə göndərilib. Nəticədə müharibəyə getmək istəyənlərin sayı artır, çünki belə könüllülərə ödənişlər adi müqaviləli hərbçilərə nisbətən xeyli çoxdur. Bu da Rusiya hakimiyyətinə hazırda səfərbərliyi bərpa etməkdən yayınmağa imkan verir.
Rasim
“AzPolitika.info”


Şərhlər