ABŞ Prezidenti Co Baydenin administrasiyası Konqresdən Ukrayna üçün nəzərdə tutulan əlavə büdcənin bir hissəsi kimi Tayvanın silahlandırılmasını maliyyələşdirməyi xahiş edəcək.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən xəbər yayıb.
Ağ Evin fikrincə, Tayvana vəsaitin ayrılması Çindən artan təhlükə fonunda ölkəyə silah tədarükünü sürətləndirməlidir. Qəzet qeyd edir ki, tələb Konqres tərəfindən təsdiqlənərsə, Tayvan ilk dəfə olaraq xarici hərbi maliyyələşdirmə sistemi vasitəsilə silah alacaq.
ABŞ-ın xarici ölkələrə hərbi yardım paketinə Tayvanın daxil edilməsi respublikaçıların adaya dəstək verməsi təklifini reallaşdıracaq. Onlar Kiyevə kömək etməyi o qədər vacib saymasalar da, Tayvanı dəstəkləyirlər.
Ağ Ev Tayvan üçün nə qədər pul tələb olunacağına dair təfərrüatları şərh etməkdən və ya açıqlamaqdan imtina etdi.
“Financial Times” yazır ki, Konqresdə ilk növbədə Ukraynaya yeni hərbi yardıma yönələcək əlavə büdcə ilə bağlı mümkün səsvermə Kiyevin bu Konqresdə dəstəyinin ilk sınağı olacaq.
Keçən ay ABŞ Prezidenti Tayvana 345 milyon dollarlıq hərbi yardım verilməsi haqqında sərəncam imzalayıb. Pul müdafiə təyinatlı silah-sursatlaa, hərbi sahədə insanların təhsilinə və təliminə ayrılır. Pekin ABŞ-ı Vahid Çin prinsipinə əməl etməyə çağırıb və silah satışının adanı barıt çəlləyinə çevirdiyini bildirib.
Çin Tayvanı öz ərazisi hesab edir, lakin 1949-cu ildən bəri ona nəzarət etmir. ABŞ adanın müstəqilliyini tanımır, lakin mövcud qanunvericilik ona müdafiə üçün vəsait ayırmağa imkan verir.
“AzPolitika.info”


Şərhlər