YEVLAXDA GÖRÜŞ BAŞ TUTARSA... – “Ağdam yoluna blok plitələr Rusiyanın razılığı ilə qoyulub”

Təhlükəsizlik sahəsi üzrə tanınmış ekspert İlham İsmayıl Qarabağ ətrafında baş verən hadisələri təhlil edib. Ekspert qeyd edir ki, hazırki durum belə bir sual yaradır: mövcud vəziyyət Qarabağ problemini mürəkkəbləşməyə doğru aparır, yoxsa “denouement”ə - “razvyazka”ya yaxınlaşdırır?

Təhlilçinin qeydlərini oxuculara təqdim edirik:

“Ermənilərin siyasəti məlumdur: “məzlum, əzabkeş, genosidə məruz qalmış millət” obrazı yaratmaqla, dünyanın mərhəmətini və yardımını qazanmaq, milli problemlərini həll etmək, hüquqlarının pozulduğu barədə Qərbə mesajlar ünvanlayıb dəstək almaq. Paralel olaraq Rusiyanı “Qarabağdan çıxarsa, Gümrüdən, cəmi Ermənistandan çıxacaq” hədəsi ilə şantaj etmək. Qərb dövlətləri sərt dillə olmasa da, ermənilərin hüquqlarının pozulması adı altında Azərbaycana müxtəlif çağırışlar edir, Rusiya isə Cənubi Qafqazda təsirini saxlamaq məqsədilə indiki status-kvonu dondurmaq, problemi konservləşdirmək xəttini aparır. Bu siyasətin ana xətti 44 günlük müharibədən sonra başlayıb və keçən iki il doqquz ay ərzində daha da dərinləşib, indi də “humanitar karvan” adı altında 19 yük maşınını Həkəri postuna yaxın yerdə saxlayıb dünyaya şou nümayiş etdirirlər. Yaranmış bu situasiyada Azərbaycan qarşı tərəfin iddialarını təkzib edir və bəzi uğurlu taktiki addımlar atmaqla (Vaqif Xaçaturyanın həbsi) mövqeyində dəyişiklik olmadığını və kiçik güzəştə belə getməyəcəyini nümayiş etdirir.

Yetərlidirmi?

Sülh müqaviləsinin imzalanması istiqamətində Qərb və Moskva masalarında danışıqların dinamik inkişafını və müəyyən vacib məsələlərlə bağlı sənəd üzərində olmasa da, şifahi razılaşmaların olduğunu nəzərə alsaq, bəlkə də mövcud vəziyyəti qənaətbəxş hesab etmək olar. Amma düşmənimizin çox məkrli və dünya səviyyəsində havadarlarının olduğunu və kənardan idarə edildiyini nəzərə alsaq, bu vəziyyətin uzun müddət dəyişməz qalması, kiçikmiqyaslı siyasi, hərbi toqquşmalarla davam etməsi zaman aparır və aparacaq. Süni şəkildə zamanın uzadılması isə Azərbaycanın maraqlarına uyğun deyil. İlk növbədə bu Rusiya “sülhməramlı”ları ilə bağlıdır. Bu vəziyyət belə hadisələrlə davam edərsə, 2025-ci ildə Rusiyanın Qarabağı tərk etməsi böyük suallar yaradacaq. Hadisə-təxribat yaratmaq isə ermənilərin xisləti, siyasətidir...

Ermənistan dayanmadan silahlanır. Hindistandan, Fransadan, İrandan və bilmədiyimiz ölkələrdən silah alır, daha çox PUA-larla arsenalını zənginləşdirir. Paralel olaraq dünyada mənfi Azərbaycan obrazı yaradır. Dünyanın Azərbaycana təzyiqetmə siyasətini dayanmadan davam etdirir, ən azı Qarabağ ermənilərinə status verilməsini hədəfləyir.

Ermənistanla sülh müqaviləsinin imzalanmasının ilin sonunda mümkün olması barədə verilən nikbin proqnozlar da, yalnız proqnozdur. Hətta sülh müqaviləsi imzalandığı günün sabahısı Xankəndində bizi gül-çiçəklə qarşılayası deyillər və iddialarından da tezliklə geri çəkilməyəcəklər. Amma biz sülh danışıqları ilə paralel olaraq birbaşa Qarabağla əlaqədar tələblərimizi gündəmə gətirib dövlət nəzarətimizin Qarabağın qalan hissəsində reallaşması istiqamətində hərəkətə keçsək, qarşı tərəf müdafiə mövqeyində olacaq. Bizim şərtlərimizi müzakirə edəcəklər, “humanitar fəlakət” şousu işə keçməyəcək. Paşinyan “Evronyus” kanalına müsahibəsində Qarabağ qaçqınlarından danışıb və onların geri qayıtmasına guya Azərbaycanın şərait yaratmadığını vurğulayıb. O zaman biz niyə keçmiş Dağlıq Qarabağda yaşamış və ermənilər tərəfdən etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqınların doğma yurdlarına qayıdışını gündəmə gətirmirik? Bu tələbin gündəmə gətirilməsi paralel olaraq digər problemi - təhlükəsizlik baxımından erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını zəruri edəcək. Hərbi gücə əl atmadan da qeyd olunan məsələlərlə əlaqədar vaxt şərtini irəli sürüb düşməni “divara dirəmək” mümkündür…

Məğlub olan ermənilərin hələ də “müstəqillik” iddiasında qalması yalnız öz siyasətlərinin nəticəsi deyil. Ağdam yoluna blok plitələr qoyulması Rusiyanın razılığı ilə baş tutub. Azərbaycanlılarla birgəyaşayışa meyillik göstərən yerli erməniləri isə barmaqla saymaq olar, çox güman ki, heç belələri yoxdur. Amma Xankəndində elə bir vəziyyət yaranıb ki, əksəriyyət olmasa da, müəyyən bir qisim insanlarda Azərbaycandan onları inandıra biləcək bir jest, fərqli mövqe yarada bilər. Belə bir humanist addımın atılacağından daşnaklar çox narahatdırlar. Bakıya gətirilən Vaqif Xaçaturyanın müalicə olunmasından, onun sağalıb Azərbaycan Prezidentinə əfv ərizəsi yazmasından və müsbət reaksiya verildikdə bunun Xankəndində parçalanmaya səbəb olacağından narahatlıqlarını bəri başdan bildirirlər…

Prosesin bu tendensiyalarla davam etməsi vəziyyətin daha çox mürəkkəbləşməsinə, beynəlmiləlləşməsinə aparır. Daxili işimizin bu istiqamətə çəkilməsinə yol verməmək üçün sərt diplomatik addımların atılması zərurət həddinə çatıb. Beynəlxalq şərait də buna imkan verir. Daxili işimizi yekunlaşdırmağa yaxın olduğumuz mərhələdə vəziyyətin mürəkkəb və gərgin formaya keçməsinə imkan vermək maraqlarımıza ziddir.

Bu arada, Yevlax görüşü ola bilərmi?

Müharibədən əvvəl ermənilər “Kürə qədər gələcəyik” deyib, bizi hədələyirdilər. İndi onları Kürün sahilinə dəvət edirik, gəlib görsünlər…

Görüşün vasitəçisiz olması və müzakirə olunacaq reinteqrasiya məsələləri Vaşinqton, Brüssel, Moskva görüşlərini kölgədə qoya bilər. Yox, əgər ermənilər yenidən “beynəlxalq mexanizm müstəvisində görüş ola bilər” iddiasında qalıb imtina etsələr, bu onların qeyri-səmimi olduqları ilə yanaşı, əsas məqsədlərinin zamanı uzatmaq olduğunu bir daha sübut etmiş olacaq…”

“AzPolitika.info”

Şərhlər

Fərəməz 2023-08-07 13:01:20

Azərbaycan öz ərazisinə harada nəqoyması niyə Rusya ilə azılaşılmalıdır?Bu nə yanaşmadır.Məgər biz müstəqil dövlət deyilik? Yoxsa hakimiyyətdəki Rucbaşların oyunudur?

B.Qarabağlı 2023-08-05 19:48:50

1987-1994cü illərdə Azərbaycanın DQMV soveti və ətrafında azərbaycanlı ailələrinə qarşı tarixin ən vəhşi etnik terrorunu törətmiş erməni millətçiləri və qalıqları ilə, iki yüz min azərbaycanlı ailələrini tam deport edib, Azərbaycana qarşı 14.06.1988 tarixində müharibə elan etmiş Ermənistan cinayətkarları ilə Azərbaycanın nə işi və görüşü? Adekvat-ədalətli bir tədbir qalıb-Qarabağ ermənilərinin Ermənistana köçürülməsi!

Abdal Abdulla 2023-08-03 12:01:32

Azərbaycan Razılaşma ilə Qarabağı ilkin ortaqların öhdəsinə buraxıb, özü kənarda qalıb? 1987ci ildən sonrakı 10.11.2020 tarixindən bu Azərbaycan özünə cooğrafi mərkəzindən rəsmən hərbi-siyasi təhlükə yaradıb? Heç kəs zəmanət verə bilməz ki, gələn il Ruben Vardanyan (İsveçrənin də dəstəyi ilə) RFnın prezidenti seçilməyəcək?

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться...

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в...

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок —...