Rusiya Prezidenti Vladimir Putin “Vaqner” qrupunun cinayətlərinə görə, yeni həbs orderi ilə üzləşə bilər.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Amerikanın Səsi”nin beynəlxalq ekspertlərin rəyləri əsasında hazırladığı məqalədə deyilir.
Məqalədə qeyd olunur ki, “Vaqner”-in uğursuz çevriliş cəhdindən sonra Vladimir Putin silahlı qruplaşmanın tamamilə Rusiya büdcəsindən maliyyələşdiyini etiraf edib. Putin bildirib ki, Moskva 2022-ci ilin mayından 2023-cü ilin mayına kimi “Vaqner” muzdluları üçün büdcədən təxminən 1 milyard dollar vəsait xərcləyib.
Bu bəyanat Beynəlxalq Cinayət Məhkəməsinin prokurorlarına Ukraynadakı müharibəni araşdırmaq üçün yeni imkanlar açır. Çünki bu açıqlama “Vaqner” cinayətkarları ilə Putin də daxil olmaqla Rusiya rəhbərliyi arasında birbaşa əlaqənin olduğunu göstərir.
Beynəlxalq hüquq üzrə ekspertlərin fikrincə, bu bəyanat beynəlxalq məhkəmələrin Rusiya rəhbərliyini mühakimə etməyini asanlaşdıracaq. Qeyd olunur ki, Putin “Vaqner” qrupu ilə əlaqəli olduğuna görə, istintaqın hədəfinə çevrilə və sonda onun həbsinə dair yeni order verilə bilər.
Ekspertlər hesab edirlər ki, yeni həbs orderi ilk növbədə Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun qərarından asılı olacaq.
“AzPolitika.info”


Şərhlər