ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Nigerə səfər edib və orada hakimiyyəti ələ keçirmiş hərbçilərlə danışıqlar aparıb.
“AzPolitika.info” “Röyter” agentliyinə istinadla xəbər verir ki, devrilmiş Prezident Məhəmməd Bazum və çevriliş lideri Abdurahman Tchiani Nuland ilə görüşmədiklərini bəyan ediblər. Görüş qiyamçıların nümayəndələrilə olub.
Nulandın sözlərinə görə, hərbçilərlə son dərəcə səmimi və bəzən olduqca çətin danışıqlar iki saatdan çox davam edib, lakin indiyədək heç bir uğur əldə olunmayıb və üsyançılar çevrilişi dayandırmağa razılaşmayıb. Nuland ölkədə qanuni hökumətin bərpa olunmayacağı təqdirdə ABŞ-ın Nigerə hər cür dəstəyi dayandıracağı ilə bağlı xuntaya xəbərdarlıq etdiyini vurğulayıb.
ABŞ dövlət katibinin müavini danışıqlardan sonra jurnalistlərə deyib: "Bu çevrilişə cavabdeh olan şəxslərin konstitusiya quruluşuna qayıtmaq istəyi varsa, ABŞ öz xeyirxah dəstəyini təklif edəcək. Ümid edirəm ki, onlar diplomatiya üçün qapını açıq saxlayırlar", - Nuland əlavə edib.
Amerikalı diplomat deyib ki, o, Nigerdəki hərbçilərə mümkün tədbirlər üçün bir neçə variant təqdim edib, həmçinin Nigerin devrilmiş Prezident Bazumu vəzifəsinə bərpa etməsə və ya qonşu Malinin yolu ilə getsə, ABŞ-la münasibətlərin durumunun necə olacağını açıq şəkildə təsvir edib.
Nulandın sözlərinə görə, görüşdüyü hərbçilər ölkəyə “Vaqner” PMC muzdluları dəvət olunarsa, Nigerin suverenliyi üçün risklərin nədən ibarət olduğunu yaxşı bilirlər.
Ötən gün Nigerin devrilmiş Prezidenti Məhəmməd Bazum ölkədə asayişi bərpa etmək üçün ABŞ-a və dünya ictimaiyyətinə müraciət edib. O, qiyamçıların hərəkətləri səbəbindən bütün Sahel bölgəsinin “Vaqner” qrupu vasitəsilə Rusiyanın təsiri altına düşə biləcəyindən qorxduğunu bildirib.
İyulun 26-dan Məhəmməd Bazum həbsdədir, ordu generalı və Prezident Qvardiyasının komandanı Abdurrahman Tchiani isə özünü Nigerin yeni lideri elan edib.
Niger nüvə enerjisi üçün vacib olan uranın əsas istehsalçısıdır. Prezident Bazum dövründə Niger Qərbi Afrikanın Sahel bölgəsində radikal islamçılarla mübarizədə Qərbin əsas müttəfiqi hesab olunurdu.
Rusiyanın PMC "Vaqner"i bir sıra Afrika ölkələrində, xüsusən də çevrilişin baş verdiyi Nigerlə həmsərhəd Malidə mövcuddur. Mali hərbi xuntası rusiyayönlü siyasət yürüdür.
“AzPolitika.info”


Şərhlər